Son yeniləmə: 16 Yanvar 2023 12:37
2022-ci ildə Azərbaycan dəmir yolu ilə 5 milyondan çox sərnişin daşınıb
BAYRAQDAR MEDİA – “Sərnişin daşımaları üzrə keyfiyyətli xidmətlərin göstərilməsi, əhalinin sərfəli qiymətlərlə, rahat, sürətli və təhlükəsiz daşınmasının təmin edilməsi, stansiyalar və sərnişin vağzallarının infrastrukturunun müasir üslubda yenilənməsi sahəsində bir sıra layihələr həyata keçirilib”.
Bu fikirlər “Azərbaycan Dəmir Yolları’’ QSC 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair açıqlamada öz əksini tapıb.
Qurumun mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya yanvarın 16-da verilən məlumata görə, 2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub: “Belə ki, il ərzində 5 milyon 136 min sərnişin daşınmışdır. Bu, 2021-ci illə müqayisədə 84% çoxdur. Bu göstəricinin böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir. O cümlədən, ötən il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb”.
Qeyd edilib ki, pandemiyadan əvvəl – 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 milyon 875 min 729 sərnişin daşınıb: “ADY nəqliyyat sektorunda müşahidə olunan tıxacların aradan qaldırılmasına önəmli töhfə verməklə yanaşı, sərnişin məmnunluğunun təmin edilməsində də böyük rolu olmuşdur. İnsanlar ekoloji təmiz, sürətli və müasir standartlara cavab verən elektrik qatarlarından istifadəyə üstünlük verərək mənzil başına vaxtında və təhlükəsiz çatdırılıb”.