BAYRAQDAR MEDİA – Rusiyanın işğalına qarşı mübarizə aparan Ukraynaya dəstək davam edir. Belə bir dəstək Qazaxıstandan da gəlib.
Kırım Haber Ajansı xəbər verir ki, bir müddət öncə Ukraynanın Buça bölgəsində müharibə qurbanlarına dəstək məqsədilə qurulan qazax çadırları bu dəfə də paytaxt Kiyevdə fəaliyyətə başlayıb.
Məlumata əsasən, Qazaxıstanın Kiyevdəki səfirliyinin dəstəyi ilə Ukraynanın Buça şəhərində açılan “Yenilməzlik evi” müharibənin qurbanı olmuş ehtiyacı olan mülki vətəndaşlar üçün böyük motivasiya mənbəyinə çevrilib: “Eyni zamanda, bu dəfə də Ukraynanın paytaxtı Kiyevdə qazax çadırları ehtiyacı olan mülki vətəndaşlar üçün fəaliyyətə başlayıb”.
Bildirilib ki, paytaxt Kiyevin Şevçenko parkında qazax fəalların yaratdığı çadırlarda ehtiyacı olan mülki şəxslərə isti çay və şirniyyat verilir: “Bundan əlavə, istilik sistemi olan ənənəvi qazax çadırlarında telefonları enerji ilə doldurmaq imkanları da yaradılır”.