Press "Enter" to skip to content

Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Tamaşadan bir səhnə

Son yeniləmə: 16 Yanvar 2023 17:30

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yanvarın 21-də saat 14.00-da və 18.00-da yeni tamaşanın premyerası olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “İnanıram” adlı səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir: “Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır”.

Qeyd olunub ki, tamaşa vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib: “Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır. Xatırladaq ki, tamaşa 2022-ci ildə Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı”nda (QTF) nümayiş etdirilərək ikinci yerə layiq görülüb”.

Mission News Theme by Compete Themes.