Son yeniləmə: 16 Yanvar 2023 12:05
2022-ci ildə İstanbul Kapalıçarşı 40 milyona yaxın ziyarətçinin qəbul edib
BAYRAQDAR MEDİA – İstanbulun tarixi alış-veriş və ticarət mərkəzi olan Kapalıçarşı, 2022-ci ildə restavrasiya edildikdən sonra 39 milyon 766 min 801 nəfər tərəfindən ziyarət edilib. İçəridən labirintə bənzəyən bu möhtəşəm obyekt, tekstildən antikvarlara qədər hər cür məhsulun satıldığı minlərlə dükanı özündə birləşdirir və əsrlərdir ən sıx alış-veriş məkanıdır.
Yenilənmiş Kapalıçarşı
Bu barədə BAYRAQDAR MEDİA-ya qardaş Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, minlərlə işçisi və müştərisi ilə kiçik bir şəhəri xatırladan qapalı bir kompleks olan Kapalıçarşı, 2022-ci ildə aparılan restavrasiyadan sonra yenilənmiş quruluşu ilə yenidən öz qonaqlarını qəbul etməyə başlayıb: “2021-ci ildə 25,5 milyon olan Kapalıçarşı ziyarətçilərinin sayı, 2022-ci ildə 56% artaraq 40 milyona çatıb. Keçən il Kapalıçarşıyı orta hesabla 100 min adam ziyarət edib”.
Kapalıçarşının tarixi XV əsrin ortalarından başlayır
Qeyd edilir ki, İstanbulda Nuruosmaniye, Mercan və Beyazıt arasında yerləşən Kapalıçarşının tarixi XV əsrin ortalarından başlayır: “Sosial-iqtisadi və mədəni həyatı demək olar ki, tam əhatə edən Osmanlı vəqf sistemi çərçivəsində, təmir-bərpa kimi xərc və ehtiyacları qarşılamaq üçün dini və digər sosial və xeyriyyə qurumlarının yaxınlığında bazar kimi tikililər inşa edilmişdir. İstanbulun ən əhəmiyyətli rəmzlərindən biri olan Kapalıçarşının təməli,1461-ci ildə Fatih Sultan Mehmetin Ayasofyaya gəlir gətirmək üçün inşa etdirdiyi tikililərlə qoyulub. Zamanla bölgənin ən əhəmiyyətli ticarət mərkəzinə çevrilən Kapalıçarşı, dünyanın hər yerindən gətirilən zərgərlik məmulatlarının və qiymətli metalların ticarətinin aparıldığı və emal edildiyi mühüm maliyyə mərkəzi kimi xidmət etməyə başlamışdır”.
Məlumata əsasən, dünyanın nəinki ən qədim, həm də ən böyük ticarət mərkəzi olaraq qəbul edilən Kapalıçarşı, müxtəlif yanğın və zəlzələlərdən sonra, məşhur memarlar tərəfindən dəfələrlə təmir edilib: “Tarixi və mədəni əhəmiyyətə malik olan Kapalıçarşı ədəbiyyat, səyahətnamələr və incəsənətdə mühüm yer tutmaqla yanaşı, dünyanın ən çox ziyarət edilən tarixi bazarlarından biri kimi də diqqət cəlb eləməyə davam edir”.
2 min beş yüzə yaxın iş yeri
Vurğulanır ki, 500 illik müddətdə edilən əlavələrlə, hazırda 2 min beş yüzə yaxın iş yerinə ev sahibliyi edən tarixi Kapalıçarşıda xalçadan çantaya, tekstildən qızıl-gümüş zinət əşyalarına, əntiq əşyalardan kirəmitlərə qədər saysız-hesabsız məhsul tapa bilərsiniz: “Kapalıçarşıda əl işləri üzrə ixtisaslaşmış ustaların yerləşdiyi “han” adlanan hissədə min iki yüzə yaxın iş yeri var. Kapalıçarşı yayda 08.30-19.30, qışda isə 08.30-19.00 arası açıqdır”.
Hər alış-verişdə endirim istəyin
Məlumatda həmçinin, “Kapalıçarşı ziyarəti İstanbulun tarixi atmosferini hiss etmək və onun iqtisadi dinamikasını müşahidə etmək, yəni bir bazar vasitəsilə bütün İstanbulu yaşamaq və təcrübə etməkimkanı verir.
Mükəmməl məhsul və ya əşya axtararkən, Kapalıçarşının dolanbac küçələrində və keçidlərində etdiyiniz maraqlı gəzinti, sizi valehedici mağazalar, eləcə də çoxsaylı kafe və restoranlarla qarşılaşdıracaqdır. Kapalıçarşıya səfəriniz zamanı bazarda alış-verişin qızıl qaydasını heç vaxt unutmayın – Hər alış-verişdə endirim istəyin” deyilir.