Press "Enter" to skip to content

Dəmir yollarının tikintisi işləri qrafik üzrə davam etdirilib

ADY tərəfindən yol infrastrukturunun müasirlədirilməsi istiqamətində də mühüm addımlar atılıb

2022-ci ildə ADY tərəfindən yol infrastrukturunun müasirlədirilməsi istiqamətində davamlı addımlar atılıb

BAYRAQDAR MEDİA – ADY sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində 2022-ci ildə də tədbirlər həyata keçirib. Qurum bu tədbirlər çərçivəsində əməkdaşlar, sərnişinlər, podratçılar və biznes müştəriləri üçün təhlükəsiz mühitin yaradılması istiqamətində bir sıra ciddi addımlar atıb. Eyni zamanda, dəmir yolu xətlərinə yaxın ərazilərdə yerləşən yaşayış massivlərində və orta məktəblərdə əhalinin maarifləndirilməsi məqsədilə təbliğat və təşviqat kampaniyaları həyata keçirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları’’ QSC 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair açıqlamada bildirilib.

QSC-nin mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya yannvarın 16-da verilən məlumata görə, il ərzində hərəkət tərkibinin yenilənməsi və ya əsaslı təmir olunması istiqamətində də böyük həcmli işlər görülüb: “Belə ki, 10 ədəd FLIRT tipli sərnişin qatarlarının alınması üzrə imzalanmış müqaviləyə əsasən qatarların 2023-2024-cü illərdə Bakıya çatdırılması planlaşdırılıb. Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcəkdir”.

Yeni qatarlar sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcəkdir
Yeni qatarlar sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcəkdir

Məlumata görə, eyni zamanda tranzit yükdaşımaları sahəsində artan tələbatı qarşılamaq məqsədilə 605 ədəd konteyner platformasının alınması üzrə satınalma prosesinə başlanıb: “Bununla yanaşı, tranzit yük daşımalarını təmin etmək üçün yetərli sayda magistral və manevr lokomotivlərinin alınması və əsaslı təmiri istiqamətində bir sıra vacib qərarlar qəbul olunub”.

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78% yerinə yetirilib

2022-ci ildə ADY tərəfindən yol infrastrukturunun müasirlədirilməsi istiqamətində də mühüm addımlar atılıb: “363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilib və tikinti işlərinin 48%-i icra olunub. Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaqdır. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının və infrastrukturunun tikintisi işləri də qrafik üzrə davam etdirilib. 2024-cü ildə yekunlaşdırılması planlaşdırılan açılmış uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78% yerinə yetirilib, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilib. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq”.

Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub

Qeyd edilib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb: “Azərbaycanın ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artırılmasına təkan verəcəkdir. Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 64%-i yerinə yetirilib”.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 min tondan çox yük daşınıb

Məlumata əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 min 284 ton yük daşınıb: “Beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 milyon 347 585 ton təşkil edib. Bu marşrut üzrə yük daşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir”.

2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 milyon 347 min 585 ton təşkil edib
2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 milyon 347 min 585 ton təşkil edib

Məlumatda daha sonra vurğulanır ki, ADY-nin 2023-cü ildə əsas hədəfləri əməliyyat və idarəetmə proseslərinin rəqəmsallaşdırılmasına başlamaqla fəaliyətinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq, bazar yönümlü və yüksək keyfiyyətli xidmətlər göstərən müasir və inteqrə olunmuş quruma transformasiya olunmaqdır.

Mission News Theme by Compete Themes.