Son yeniləmə: 13 Yanvar 2023 18:25
Dilqəm Əhməd: Bu, türk xalqları arasında ədəbi-mədəni əlaqələrin daha da dərinləşməsinə kömək etməklə yanaşı, Turana gedən yolumuzu da yaxınlaşdırmış olacaq
BAYRAQDAR MEDİA – “Bu festivalın keçirilməsi təşəbbüsü mənə və dostum, bizim “Çapar yayınları”nın təsisçisi Yusif İlhamoğluna aiddir. Belə bir təşəbbüslə çıxış etməyimiz də gözlənilməz deyil. Çünki artıq beşinci ildir ki, fəaliyyət göstərən “Çapar” bu müddət ərzində daha çox Azərbaycan tarixinə, ümumi türk tarixinə önəm verib. Bizim keçirdiyimiz imza günləri, tədbirlər, təqdimatlar da hamısı sırf tariximizə, o cümlədən türk dünyasına xidmət edir. Bütün bunlarla yanaşı düşündük ki, Azərbaycana, türk dünyasına xidmət edən daha bir addım ataq. Beləliklə də, “Birinci Turan kitab festivalı” ideyasını reallaşdırdıq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında festivalın təşkilatçılarından biri, “Çapar yayınları” nəşriyyatının baş redaktoru, tədqiqatçı Dilqəm Əhməd dedi.
Əsas məqsəd ilk növbədə kitabın təbliğidir
Onun sözlərinə görə, yanvarın 11-də “Pasaj-1901” sərgi salonunda “Çapar yayınları” nəşriyyatının təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Emre İnstitutu Bakı mərkəzinin təşkilati dəstəyi ilə öz işinə başlayan festival yanvarın 15-də başa çatacaq: “Qeyd edim ki, bu festivalda əsas məqsəd ilk növbədə kitabın təbliğidir. Qoy insanlarımız daha mütaliəli, savadlı olsunlar. Son zamanlar Azərbaycanda bu sahədə bir neçə festival keçirilsə də düşündük ki, bu işi daha geniş şəkildə davam etdirmək lazımdır”.
Turan məfkurəsi yüz illik bir ideyamızdır
Festivalın adına gəlincə, D.Əhməd, “Digər tərəfdən, bilindiyi kimi, Turan məfkurəsi yüz illik bir ideyamızdır. Bunun əsası da Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əli bəy Hüseynzadə tərəfindən qoyulub. Zaman-zaman bu ideya Türkiyədə, Krımda, Orta Asiyada gündəmə gəlib. Son illər isə məhz Azərbaycan və Türkiyənin rəhbərliyi ilə türk dünyasında inteqrasiya daha da dərinləşir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar və qəbul edilən qərarlar xüsusilə qeyd olunmalıdır. Bir sözlə, siyasi sahədə Turana doğru inamlı addımlar atılır. Biz də düşündük ki, bu birliyin mədəni sahədə də güclü olması üçün hər kəs bacardığı qədər bir şeylər etməlidir. Yəni festivalın adının Turan qoyulması təsadüfi deyil. İnanırıq ki, ötən əsrin sonlarında deyilən “XXI əsr türk əsridir” kəlamı özünü doğruldacaq və biz də bu prosesə mədəniyyət sahəsində dəstək olmağı düşündük. Sağ olsunlar ki, Elm və Təhsil Nazirliyi, “Dost” Agentliyi, həmçinin, Yunus Emre İnstitutunun Bakı mərkəzi və Facemark şirkəti bizə bu gözəl ideyamızı reallaşdırmaqda dəstək oldular” dedi.
Festivalda 40-a yaxın nəşriyyat, 20-yə yaxın kitab mağazası iştirak edir
Müsahibimiz bildirdi ki, Azərbaycanın 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazasının iştirak etdiyi festival çərçivəsində müəllif masaları, imza günləri, türk dünyası ilə bağlı təqdimatlar və uşaqlar üçün ustad dərsləri təşkil edilir: “O cümlədən, yanvarın 13-də qardaş Türkiyədən İstanbul Universitetinin prorektoru, professor İlyas Topsakal “Türkiyə-Rusiya tarixi” mövzusunda mühazirə söyləyəcək. Yanvarın 14-də isə “Çinar Ata” imzası ilə tanınan Alper Kağan Üçer festivalda istirak edəcək. Məlumat üçün bildirim ki, İmadəddin Nəsimi barədə roman yazan Çinar Atanın “Sarı Saltuk baba” romanı Azərbaycan türkcəsinə çevrilib və yanvarın 14-də həm də festivala qatılanlar bu kitabı müəllifin imzası ilə əldə edə biləcəklər”.
Turan kitab festivalları növbəli olaraq bütün türk dövlətlərində keçirilməlidir
D.Əhməd qeyd etdi ki, birinci festivalı Bakıda keçirməklə ilk addımı atıblar: “Təbii, biz istərdik ki, bu festivalda bütün türk dövlətləri, o cümlədən Orta Asiyadan təmsilçilər iştirak etsin. O ölkələrin səfirliklərinə dəvət də göndərmişdik. Əminik ki, növbəti festivallarda bu istəyimiz reallaşacaq. O cümlədən düşünürük ki, bundan sonra Turan kitab festivalları növbəli olaraq bütün türk dövlətlərində keçirilməlidir. Yəni birinci festivala Bakı ev sahibliyi etdisə, növbəti festivallara Səmərqənd, Bursa, Lefkoşa ev sahibliyi etsin. Bu, türk xalqları arasında ədəbi-mədəni əlaqələrin daha da dərinləşməsinə kömək etməklə yanaşı, Turana gedən yolumuzu da yaxınlaşdırmış olacaq”.
Bu festival birliyimizin güclənməsinə xidmət etməlidir
“Turan festivalı həm də yazarların, nəşriyyatların üzərinə məsuliyyət qoyurmu ki növbəti festivallarda məhz Turanı özündə ehtiva edən kitablarla çıxış etsinlər” sualını D.Əhməd belə cavablandırdı: “Açığı, biz bu festivalda nəşriyyatlara deyə bilmədik ki, mütləq tarix kitabları gətirin. Yəni hər kəs nəyi nəşr edirsə, onları gətirib. Amma bizim arzumuz odur ki, festivalın davamlılığını nəzərə alıb gələcəkdə tarixi kitablarla iştirak etsinlər. Çünki festivalın adını nəzərə alıb insanlar burada türk tarixindən bəhs edən kitablar, əsərlər görmək istəyəcəklər. Bu gün də bu tipli kitablar var. Amma gələcəkdə sırf bu tip kitablar olmalıdır. Nəşriyyatlar da Turançılıqla bağlı kitablar nəşr etsələr, yaxud da sifariş versələr, tərcümə etsələr yaxşı olar. Bir sözlə, bu festival birliyimizin güclənməsinə xidmət etməlidir. Turanı Turanda qovuşdurmaq üçün ilk addımı atdıq və inanıram ki, gələcək illərdə bu festival davamlı olmaqla yanaşı, türk dünyasının ədəbi bağlarının daha da güclənməsinə kömək edəcək”.