Son yeniləmə: 13 Yanvar 2023 13:11
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 13-də BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə ADNSU-nun rektoru Mustafa Babanlı, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, müdir müavini Anar Məmmədov, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, universitetin professor-müəllim heyəti, tələbələr və startapçı gənclər iştirak edib: “Öncə qonaqlar ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyaları, Azərbaycan-Türkiyə Dostluq Mərkəzi, e-Kitab Evi, mineralogiya muzeyi, universitetin auditoriyaları ilə tanış olub, ali məktəbin fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumatlar əldə ediblər. Sonra qonaqlar universitetin şəhid olmuş məzunlarının xatirə kompleksini və Milli Qəhrəman Mübariz İbrahimovun abidəsini ziyarət ediblər”.
Görüşdə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı universitetin son illərdəki inkişafından və imkanlarından məktəblilərin də bəhrələnməsinin əhəmiyyətindən söz açıb: “M.Babanlı qeyd edib ki, şagirdlərin universitetə maraq göstərməsinə dəstək ADNSU-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi nəzərdə tutulur. Bu cür görüşlərin keçirilməsinin şagirdlərin bilik və bacarıqlarının daha artırılmasına, startap layihələrlə işləyən gənclərin motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyən rektor hər zaman Azərbaycan gənclərinin dəstəklənməsinin zəruriliyini qeyd edib. M.Babanlı qonaqlara universitetin beynəlxalq əməkdaşlıq əlaqələri və elmi nailiyyətləri haqqında da ətraflı məlumat verib”.
Görüşdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva bilik və bacarığını reallaşdıra, ideyasını məhsula çevirə bilən startapçı gənclərin inkişafında, elmin sirlərinə sahiblənməsində ali məktəblərin dəstəyinin mühüm şərtlərdən biri olduğunu deyib: “Bu baxımdan əməkdaşlığa açıq olan, gəncləri səsləyən bütün ali məktəblərə, xüsusilə ADNSU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. İdarə müdiri startapçı məktəblilərin onlara göstərilən dəstək sayəsində gələcəyin ən uğurlu layihələrinin müəlliflərinə çevrilə biləcəyinə inandığını söyləyib. Universitetdə olmaqdan məmnunluğunu bildirən BŞTİ-nin müdiri M.Vəliyeva burada yaradılan yüksək səviyyəli tədris mühiti və ADNSU-nun startaplarla bağlı təcrübəsini yüksək qiymətləndirib”.
Görüşdə ADNSU ilə BŞTİ arasında startap layihələrlə bağlı Əlaqələndirici şuranın yaradılması qərara alınıb. Həmçinin Bakı şəhərində yeləşən ümumi təhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində köməklik göstərilməsi və bu istiqamətdə universitetlə birgə görülə biləcək işlərdən danışılıb.
Eyni zamanda ADNSU tələbələri və müəllimləri tərəfindən məktəblərdə startap və müasir yanaşmalar istiqamətində təlimlər keçirilməsi, tələbə-şagird layihələri sərgisinin təşkil olunması, müxtəlif istiqamətlər üzrə dərnəklərin fəaliyyətə başlaması kimi məsələlər müzakirə olunub, BŞTİ ilə ADNSU-nun gələcək əməkdaşlıq perspektivlərinə dair fəaliyyət barədə fikir mübadiləsi aparılıb.