Press "Enter" to skip to content

İtaliya Azərbaycanla münasibətlərdən məmnundur

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev yanvarın 11-də İtaliyanın müdafiə naziri Guido Krosettonu qəbul edib. O, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Prezident bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Dövlət başçısı İtaliya Nazirlər Şurasının yeni Sədri Corcia Meloniyə təbrik məktubu göndərdiyini xatırladıb. O, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd edib və əminliyini bildirib ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq.

“Romanın tarixi rayonunda Azərbaycan səfirliyinin yeni binasının açılışında ilk tədbirin ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasiminə həsr olunduğunu xatırladan Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin Azərbaycandakı binasının inşasının yekunlaşmaq üzrə olduğunu dedi.

“Dövlət başçısı Azərbaycan-NATO və Azərbaycan-Avropa Birliyi əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd etdi ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır. Prezident İlham Əliyev bu baxımdan Güney Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev Guido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını ifadə etdi”, – deyə xəbərdə bildirilir.

İ.Əliyevlə görüşdən şərəf duyduğunu bildirən Guido Krosetto, ilk növbədə, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlət başçısına çatdırıb. O, qeyd edib ki, səfərdən öncə İtaliya Prezidenti ilə görüşü zamanı Sercio Mattarella özünün Azərbaycana, İ.Əliyevin isə İtaliyaya səfərini məmnunluqla xatırlayıb və Azərbaycan Prezidenti ilə dostluq əlaqələrinin mövcudluğunu bir daha vurğulayıb.

Dövlət başçısı salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliya Prezidentinə çatdırmağı xahiş edib.

“Guido Krosetto səfərdən əvvəl, eyni zamanda, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Corcia Meloni ilə də görüşdüyünü bildirərək qeyd etdi ki, Corcia Meloni vurğulayıb ki, İtaliya müdafiə nazirinin ölkəmizə səfəri İtaliya hökumətinin Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu göstərir.

“Nazir Guido Krosetto qeyd etdi ki, Azərbaycan Prezidentinin İtaliyaya səfərləri bu ölkədə hər zaman böyük məmnunluqla qarşılanır.

“Qonaq Prezident İlham Əliyevin Azərbaycan-NATO və Azərbaycan-Avropa Birliyi əlaqələrinin inkişafında İtaliyanın oynadığı rola verdiyi qiymətə görə minnətdarlığını ifadə etdi.

“Guido Krosetto Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedi.

“Söhbət zamanı energetika, inşaat, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.” Bu sözlər də xəbərdə yer alıb.

Mission News Theme by Compete Themes.