BAYRAQDAR MEDİA – İranda 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyaları fonunda ən azı 88 jurnalist həbs edilib. Onların tək suçu sadəcə etirazları işıqlandırmaq istəyi olub. Bu haqda xəbəri yanvarın 11-də Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi yayıb.
Qurumdan BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdə deyilir ki, bütün bu jurnalistlər “hakim rejimə qarşı yanlış informasiya yaymağa” və “milli təhlükəsizliyə qarşı fəaliyyətə” görə həbs edilib.
İran qanunlarına görə, bu əməlləri törədənləri 1 ildən 5 ilədək həbs cəzası gözləyir. Lakin bu jurnalistlərdən bəziləri qanunun nəzərdə tutduğundan da ağır cəzaya məhkum edilib. Onların bəziləri şallaq cəzası alıb. Bəzilərinə ölkəni tərk etmək, yaxud da jurnalistika ilə məşğul olmaq yasaqlanıb. Eyni zamanda jurnalistləri məcburi ictimai işlərə cəlb etməklə də cəzalandırıblar.
Əlavə edək ki, İran qanunları və qanunlardan sui-istifadə halları həbsdə olan jurnalistlərdən bəzilərinin edam edilməsinə də gətirib çıxara bilər.