Press "Enter" to skip to content

Ermənistanın çoxsaylı təxribatları barədə məlumat verilib

Son yeniləmə: 12 Yanvar 2023 10:37

BAYRAQDAR MEDİA – Yanvarın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanının Şura Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Faiz Bin Abdulla Əl-Şəhri arasında görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumata görə, görüş zamanı nazir C.Bayramov ölkələrimiz arasında tarix, mədəniyyət, din baxımından çoxlu ortaq cəhətlərin olduğunu vurğulayıb: “Diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində əlaqələrimizin müsbət dinamika ilə inkişaf etdiyi və bu gün ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Bu illər ərzində həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda göstərilən qarşılıqlı dəstək yüksək qiymətləndirilib. Həmçinin ötən ilin dekabrında Bakıda iki ölkə arasında İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının uğurla keçirildiyi qeyd olunub”.

Görüşdə, həmçinin iki ölkə arasında alternativ enerji resurslarının inkişafı, turizm və digər istiqamətlərdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb: “Görüş zamanı nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı barədə qarşı tərəfə məlumat verib. Bu xüsusda Səudiyyə Ərəbistanının 30 il ərzində ölkəmizə dəstəyi məmnunluqla vurğulanıb. Həmçinin Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar və təşəbbüslər, habelə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri və həyata keçirilən layihələr barədə qarşı tərəf məlumatlandırılıb”.

Məlumatda deyilir ki, görüşdə Laçın yolunda azərbaycanlı fəalların etirazlarının səbəbləri qarşı tərəfin diqqətinə çatdırılıb: “Bundan əlavə, son iki ildə Ermənistanın çoxsaylı təxribatları, o cümlədən erməni silahlı qüvvələrinin ərazilərimizdən tam çıxarılmaması, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilməsi barədə məlumat təqdim edilib. Faiz Bin Abdulla Əl-Şəhri ölkələrimiz arasında bir sıra istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, belə əməkdaşlığın gələcəkdə daha da genişlənməsinə ümidvar olduğunu bildirib. Görüş zamanı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.