Son yeniləmə: 12 Yanvar 2023 12:43
Birinci yazı
Şəmil SADİQ – Özəl olaraq BAYRAQDAR MEDİA üçün
BAYRAQDAR MEDİA – Başa vurduğumuz keçən ilin son aylarında Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü keçirildi. Bu görüşdə danışılan, müzakirə edilən çox ciddi mətləblər var ki, bunlar hər birimizin ürəyincədir. Uzun illərdir ki, ürəklərdə gizlincə közərən bu arzunun gerçəkləşdiyini hiss etmək gözəl duyğudur.
Düzdür, məsələyə nə qədər ümumtürk – Turan sevdası ilə yanaşsaq da həmişə bu arzunun gerçəkləşməsində Azərbaycanın Turana gedən yolda açar bir ölkə olduğunu da dəqiq bilirik. Yaddaşlara həkk edilən bir məsələ var; XXI əsr türk əsridir! Nə qədər idealist səslənsə də günümüzün reallıqları onu göstərir ki, buna addım-addım gedirik. Bir əsrin bir qərinəsinin yarısını keçmişik hələ ki. Amma bu qısa zaman kəsimində yaşananlar onu göstərir ki, böyük işlərin təməli atılmaqdadır. Artıq türk dövlətləri heç kimdən, heç nədən qorxmadan, çəkinmədən bu birliyi ifadə edə bilirlər.
Əvvəlki illəri nəzərə alsaq görərik ki, bu arzu qəlblərdə yaşasa da siyasi təhlükələrdən dolayı açıq-açığına dilə gətirilmirdi. Xüsusən də Orta Asiyada yerləşən türk dövlətləri tərəfindən. Özbəkistan, Türkmənistan, Qırğızıstan bu mövzularda daha ehtiyatlı davranırdı. Amma son zamanlar bu proses ciddi şəkildə irəliləyir. Tək 2022-ci ildə Özbəkistanda baş verən türk dövlət başçılarının intensiv görüşləri, müzakirələrə, əməkdaşlıqlara açıq şəkildə qoşulması doğan günəşin parıltısıdır. Bütün bu hadisələr gözümüzün önündə baş verir və biz bu məsələdə Azərbaycanın missiyasını daha aydın görürük.
Sözsüz ki, burda Azərbaycanın 2020-ci ildəki böyük Zəfəri əsas rol oynayır. 44 günlük Vətən müharibəsi Azərbaycanın güclü bir dövlət olmasını göstərməklə yanaşı, Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz olduğunu dünyaya bir daha sübut etdi. Məhz zəfərin elan olunmasından sonra türk dövlətləri arasındakı münasibətlər bir daha gündəmə gəldi, Azərbaycan və Türkiyənin səyi nəticəsində bu münasibətlərə bütün sahələrdə yenidən baxılmağa başlanıldı.
Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi türk dövlətlərinin, türk xalqlarının bütün sahələrdə birlik nümayiş etdirməsinin şərt olduğunu bir daha sübut edir. Bunun bir əsas səbəbi də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Azərbaycan Prezidentinin sarsılmaz və yenilməz qardaşlığıdır ki, bu da Türk Dövlətləri Təşkilatını hər gün daha bir addım önə aparır.
Macarıstan kimi Avropa ölkəsinin, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin də bu birliyə üzv olmaq arzusu və müşahidəçi qəbul edilməsi tarixi kökləri bir olan dövlətlərin bəşəriyyət üçün böyük önəm kəsb edən elm və mədəniyyət sahəsində də öz ortaq köklərinə sahib çıxmağın vacibliyini ifadə edir.
Son Zirvə toplantısında bütün dövlət başçılarının cənab İlham Əliyevi zəfər münasibəti ilə təbrik etməsi, Ali Baş Komandanın isə daha cəsarətli çıxışı gələcək üçün böyük mətləblərdən xəbər verdi bir daha: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.
Azərbaycanın böyük zəfəri təkcə Ermənistan üzərində deyildi, uzun illərdi ki, ona dəstək verən Rusiya, İran kimi dövlətlərə də bir zərbə idi. Dəmir Yumruq digər türk dövlətlərinin də üzərindən Rusiya xofunu götürdü və yeni Türk erasının başlanğıcı oldu!
Amm bütün bu açıq mesajlarla yanaşı mənim diqqətimi çəkən prezidentlərin Səmərqənddə əlləri açıq şəkildə çəkdirdikləri rəsm oldu. Açıq beş barmaq və əlin içi. Düzü tam olaraq bu şəklin hansı siyasi mesajı verdiyini bilmirəm, araşdırsam da tapa bilmədim. Amma mənim üçün mesaj bəlli idi. Sevinclə və qürurla həmin rəsmi böyütdürüb otağımda ən gözəl yerdən asmışam.
Niyə doğma idi, onu deyim, sonra öz yozumuma keçərəm.
Müəllifi olduğum Hədəf Konseptində məhz bu cür əl işarəsini özümüzə simvol seçmişik. Balabilgələrimizin rəsmlərini görənlər olsa, hökmən bu beşlik prinsipi ilə tanış olarlar.
Bizim konseptdə beşliyin öz anlamları var:
Birinci kimlik, hər bir insanın bilməli olduğu öz kimliyidir.
İkinci sağlamlıqdır ki, hər bir insan həm mənəvi, həm də cismani sağlamlığının qeydinə qalmalıdır.
Üçüncü bacarıqdır, bacarıqlı olmaq istənilən insanın sahib olduğu vacib dəyərdir.
Dördüncü yaradıcılıqdır, yaradıcı insan günümüzün ən önəmli insanıdır.
Beşinci isə bilikdir ki, bütün bu dörd dəyərin ən vaciblərindəndir.
Şagirdlərə aşıladığımız ana fikir odur ki, bu beş dəyərə sahib olan şəxs BİLGƏ İNSANdır ki, bu gün ölkəmizə, millətimizə məzh belələri gərəkdir. Hər dəfə bu beşi tutub, “bilgə insan olmaq bizim amalımızdır” deyirik. Məhz buna görə türk dövlətlərinin Bilgələrinin Böyük Teymurun yurdundan dünyaya belə bir mesaj verməsi, bizim üçün bir başqa gözəllik idi.
Amma maraqlıdır, Türk dövlətləri başçılarının bu açıq əl mesajı nə deməkdir? Niyə Səmaya yönəlik açıq əl?
Niyə Beşlik?
Niyə məhz Səmərqənddə?
Doğrusu çox maraqlıdır, əminəm ki, şəkli görüb, diqqət edən hər kəs üçün də belədir.
Mənim üçün beş rəqəminin yeri bir başqadır, niyəsini bilməsəm də, 5-ə xüsusi bir sevgi var. Hələ 10 il bundan öncə yazdığım “Odərlər” romanında da Dədə Əfəndinin fəlsəfi söhbətlərindən ikincisi məhz beş rəqəminə ayrılıb. Məncə elə həmin hissədən bəzi məqamları qeyd etsəm, demək istədiklərim daha aydın olar.
Bu kimi həqiqətlər və deyimlər xalqın mifoloji anlayışıyla bağlıdır. Türk dövlətlərindən birinin paytaxtının adı Beşbalıqdı, Bişkek sözü də bununla bağlıdır. Türk dünyasında Beşalma adında bir çox yer adı vardır.
Koroğlu-Qoroğlu dastanında da deyilir:
Göydən uçan beş durnalar
Bizim ellər yerindəmi?
Bir birindən xoş durnalar
Bizim ellər yerindəmi,
Çənlibellər yerindəmi?
Niyə üç, dörd, on yox, “beş” durnalar sözü işlədilib?