BAYRAQDAR MEDİA – 1990-cı ilin 20 yanvar gecəsində Sovet (əslində rus-erməni) qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakıya hücum edərək dinc insanları qanına qəltan etməsindən artıq 33 il keçir. Ötən 33 il ərzində Azərbaycan xalqı heç vaxt o məşum gecəni və rusların ermənilərlə əlbir olaraq Azərbaycan xalqına yaşatdığı zülmü unutmadı.
20 yanvarın yaddaşlarda layiqincə yaşadılması həm də yetişməkdə olan nəslin təlim-tərbiyəsinin düzgün təşkilindən irəli gəlir. Bu baxımdan məktəblərdə şagirdlərə Azərbaycan tarixinin bu kəsimi də yetərincə öyrədilir, onların milli yaddaşının düzgün formalaşdırılması üçün gərəkli addımlar atılır. Ona görə hər il 20 yanvar öncəsi on minlərlə insan Bakıdakı Şəhidlər Xiyabanına axışır, o məşum gecədə xaincəsinə məhv edilmiş 132 nəfər günahsız şəhidin ruhunu yad edir.
Belə ziyarətlər artıq bu il də başlayıb. Bu baxımdan Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəb yenə də seçilib.
Məktəbdən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, yanvarın 12-də tarix müəllimi Nigar Məmmədovanın təşkilatçılığı ilə 10b sinif şagirdləri və müəllimlərdən ibarət heyət Şəhidlər Xiyabanını ziyarət edib, tarix dərsini məhz orda keçiblər.
https://www.youtube.com/watch?v=uEfYoPIarfI
Xəbərdə deyilir ki, ziyarət zamanı şəhidlər haqqında fikirlər səsləndirilib, uşaqlara o günlə bağlı məlumat verilib. N.Məmmədova onların qəhrəmanlıqları və bugünkü tarixi Zəfərə aparan yolda mühüm əhəmiyyət kəsb etmələri haqqında danışaraq bildirib ki, şəhidlər böyük mübarizənin başlanğıcına yaxşı mənada canlarıyla damğa vurublar. O, şəhidlərin Azərbaycanın azadlığının ilk qəhrəmanları olduğunu qeyd edib.
N.Məmmədova öz çıxışında şəhidlərin Azərbaycanın bugünkü milli-mənəvi nailiyyətlərində də böyük payları olduğunu vurğulayıb.
https://www.youtube.com/watch?v=Vg8G2I9zjxw