Son yeniləmə: 11 Yanvar 2023 20:00
BAYRAQDAR MEDİA – Rusiyanın Federal Dövlət Statistika Xidməti (RosStat) nəhayət ki, 2021-ci ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrini elan edib. Xəbər verdiyimiz kimi, bu nəticələr ölkədə ruslardan sonra sayca ikinci yerdə olan tatarları narazı salıb. Çünki onların sayı 2010-cu ildəki siyahıyaalma ilə müqayisədə düz 600 min nəfər az göstərilib.
Belə bir durum bizi də maraqlandırdığı üçün ümumiyyətlə Rusiyada türk xalqlarının sayı ilə bağlı RosStat-ın rəqəmlərini gözdən keçirmək qərarına gəldik. Və maraqlı, bir o qədər də qorxunc bir mənzərə ilə üzləşdik. Çünki Rusiyada ötən 11 il ərzində türk xalqlarının sayı ciddi şəkildə azalıb.
Azalıbmı? Azalıbsa, niyə? Bu suallarla bağlı fikrimizi sonda təqdim edəcəyik. İndi isə ümumi rəqəmlərə baxaq.
Beləliklə, Rusiya əhalisinin ümumi sayı 2010-cu ildə 143 mln nəfər təşkil edib. 2021-ci ildə isə bu rəqəm 147 mln nəfərə çatıb. Yəni 4 mln nəfərlik artım var.
2010-cu ildə ümumi əhalinin 111 mln nəfəri ruslar olub. 2021-ci ildə isə bu rəqəm düz 5 mln nəfər azalaraq 106 mln nəfər təşkil edib.
İndi isə keçək türk xalqlarına. Öncədən qeyd edək ki, bu yazıda yalnız sayı 100 min nəfəri keçən türk xalqları ilə bağlı rəqəmlərə nəzər salırıq.
Bir neçə gün öncə də xəbər verdiyimiz kimi, tatarların sayı 2010-cu ildə 5 mln 311 min nəfər, 2021-ci ildə isə 4 mln 713 min nəfər kimi göstərlib. Azalma: 600 min nəfər.
Uyğun olaraq başqırdlar 2010-cu ildə 1 mln 584 min nəfər, 2021-ci ildə 1 mln 582 min nəfər olub. Azalma: 2 min nəfər.
Çuvaşların azalması da həyəcan həddindədir. 2010-cu ildə 1 mln 436 min nəfər, 2021-ci ildə isə 1 mln 67 min nəfər. Azalma: 369 min nəfər.
Qazaxların sayında da azalma göz önündədir: 2010-ci ildə 648 min nəfər olduqları halda 2021-ci ildə bu rəqəm 592 min nəfər təşkil edib. Yəni 56 min nəfər azalma var.
Əsasən Dağıstanda yaşayan qumuqların sayı 2010-cu ildə 503 min nəfər, 2021-ci ildə isə 566 min nəfər olaraq qeydə alınıb. Artım var: 63 min nəfər.
Yakut qardaşlarımızda isə nə artım var, nə azalma. 2010-cu ildə 478 min nəfər təşkil edən bu türk xalqı 2021-ci ildə də olduğu kimi qalıb. Açığı, şübhəli durumdur.
Azərbaycanlılarda da ciddi azalma müşahidə edilir. 2010-cu ildə bu rəqəm 603 min nəfər idi. 2021-ci ildə isə 475 min nəfər. Azalma 128 min nəfər təşkil edir.
Özbəklərin sayında isə artım var. 2010-cu ildə 290 min nəfər olan özbəklər 2021-ci ildə 323 min nəfərə qədər artıb. Yəni artım 33 min nəfər təşkil edir.
Tuva türklərinin artımı da sevindiricidir. Onların sayı 2010-cu ildə 264 min nəfər, 2021-ci ildə isə 295 min nəfər olub. Yəni 31 min nəfər artıb tuvalılar.
Krım tatarlarının sayı isə 2010-cu ildəki 2 min 500 nəfərdən 258 min nəfərə qədər artıb. Yəni 255 min 500 nəfər! Bu “artım” əlbəttə ki, 2014-cü ildə Rusiyanın Ukrayna torpağı olan Krımı işğal etməsinə görədir.
Quzey Qafqazın yerli xalqlarından olan qaraçayların da sayında artım var. Onlar 2010-cu ildə 218 min nəfər olduqları halda 2021-ci ildə 226 min nəfərə qədər artıblar. Yəni 8 min nəfər.
Qırğızların artımı isə 35 min nəfər təşkil edib. Onların sayı 2010-cu ildə 103 min nəfər idisə, 2021-ci ildə 138 min nəfərə yüksəlib.
Quzey Qafqaz türklərindən olan balkarlarda da artım müşahidə edilir. 2010-cu ildə 113 min nəfər, 2021-ci ildə isə 125 min nəfər. Artım 12 min nəfərdir.
Siyahıyaalmada özünü türk kimi təqdim edənlərin sayı isə 2010-cu ildə 105 min nəfər, 2021-ci ildə 117 min nəfər olmaqla 12 min artım göstərib.
Daha bir Quzey Qafqaz türk xalqı olan noqaylar 2010-cu ildə 104 min nəfər olub. 2021-ci ildə bu rəqəm 109 min nəfərə çatmaqla 5 min nəfərlik artım qeydə alınıb.
İndi isə rəqəmləri ümumiləşdirərək nəzərdən keçirək. 2010-cu ilin siyahıyaalmasına görə Rusiyada sayı 100 min nəfərdən çox olan türk xalqlarının toplamı 11 mln 760 min nəfər olub. 2010-cu ildə isə bu rəqəm azalaraq 10 mln 797 min nəfər təşkil edib. Faiz etibarı ilə bunu 8,2 faiz azalma kimi ifadə edə bilərik. Rus millətindən olanların sayında isə 4,5 faiz azalma müşahidə edilir…
Bəs türk xalqlarının sayının azalması nə ilə bağlıdır? Əlbəttə, siyahıyaalmada xətalar qaçılmazdır. Bunu inkar etmirik. Amma 1 milyona qədər türk əsilli xalqın birdən-birə yoxa çıxması sual doğurmaya bilməz. Hələ nəzərə alaq ki, türklərdə ruslardan fərqli olaraq təbii artım daha yüksəkdir və ötən 11 il ərzində bu rəqəm ən azı 1 mln nəfər təşkil etməli idi. Ortada təxminən 1 mln rəqəmi var əslində. Amma azalma yönündə.
Bu siyahıyaalma bir daha ondan xəbər verir ki, Rusiya bir dövlət olaraq türk xalqlarını yox etmə siyasətini tam gücüylə davam etdirir. Bəli, məhz belə!
Biz illərdir həyəcan təbili çalırıq ki, Rusiyanın dövlət siyasəti rus olmayanların ümumi əhalinin içində əridilib yox edilməsinə hesablanıb. Bəzən bu sözlərimizə görə tənqid olunuruq. Hətta şəxsimizə qarşı qaralama kampaniyaları aparılır. Buyurun, fakt-rəqəmlər göz önündədir.
Bizim həyəcan təbili çalmağımız da əsassız deyil. Məhz Rusiya dövlətinin öz rəqəmləri türklərin yox edilməsini təsdiqləmək üçün yetərli deyilmi?
Yetərli olmalıdır. Ona görə də bundan sonrakı dövrdə həyəcan təbilini daha həyəcanlı şəkildə çalmaq gərək olacaq. Özü də türk xalqları bunu birlikdə etmədikcə nəticə də olmayacaq…
Bir vacib məqamı da qeyd edək ki, 2021-ci ilin siyahıyaalmasında 17 mln vətəndaş etnik mənsubiyyətini göstərməkdən imtina edib. 2010-cu ildə isə bu rəqəm cəmi 5,5 mln nəfər idi. Bu artım da onu təsdiqləyir ki, Rusiyada rus millətindən olmayanlar etnik kimliklərini dilə gətirməklə bağlı ciddi basqı altındadırlar…
Sonda: Bizim üçün maraqlı olmaqla bərabər həyəcan təbili sayılacaq daha bir durum var. Qonşu Dağıstanda azərbaycanlıların sayı 2010-cu ildə 131 min nəfər olub. 2021-ci ilin siyahıyaalmasında isə bu rəqəm 117 min nəfərə qədər azalıb. Yəni 14 min nəfər! Bu 14 min azərbaycanlı hara yox oldu?
Lap sonda: Oxucularımızı yormamaq üçün rəqəmlərin demək olar ki, hamısını yuvarlaqlaşdıraraq təqdim etmişik. Rusiya türklərinin ümumi sayına Krım tatarlarının və sayı 100 mindən az olan türk xalqlarının sayını əlavə etmədik.