Son yeniləmə: 11 Yanvar 2023 11:05
Vüqar Bayramov: Bütövlükdə 2022-ci il Azərbaycan üçün makroiqtisadi sabitliyin qorunub saxlanması, dövlət ehtiyatlarının artması və fiskal gəlirlərdə artımlarla müşahidə olundu
BAYRAQDAR MEDİA – “2022-ci ildə Azərbaycan maliyyə sabitliyini qoruyub saxladı. Həm milli valyutanın məzənnəsindəki sabitlik, həm də dövlət büdcəsinə daxilolmalar makroiqtisadi sabitliyin qorunub saxlanması baxımından vacib idi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, başa çatan il ərzində büdcədə neft gəlirlərində, eləcə də qeyri-neft sektorunda və vergi daxilolmalarında artımlar müşahidə olundu: “Bu artımlar həm də nəticə etıbarı ilə dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına şərait yaratdı. Bu da öz növbəsində artıq 2022-ci ilin ortasında dövlət büdcəsinin gəlir və xərclərinə düşəlişlərin edilməsinə, xərclərin artırılmasına gətirib çıxardı”.
Deputat deyib ki, 2022-ci il eyni zamanda məzənnədə sabitlik və dövlət ehtiyatlarının artması ilə yadda qaldı: “Bu baxımdan qlobal çətinliklərə baxmayaraq bütövlükdə 2022-ci il Azərbaycan üçün makroiqtisadi sabitliyin qorunub saxlanması, dövlət ehtiyatlarının artması və fiskal gəlirlərdə artımlarla müşayiət olundu”.