BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2022-ci ildə 9,9 milyon müraciət qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 11-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, 2022-ci ildə e-təyinatlar davam edib, 231 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, e-qaydada 212 min fərdi şəxsi hesab açılıb: “1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin təyinatı e-sistem üzərindən aparılır. Son bir ildə bu istiqamətdə proaktiv qaydada 17,7 min təyinat həyata keçirilib”.
Məlumata görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 50-dən çox qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir: “Həmin qurumlar tərəfindən 2022-ci ildə Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 209 milyon, servislər üzərindən mübadilə sayı 17,8 milyon olub”.