Hulusi Kılıç: Səmərqənd zirvəsi türk dünyasının gələcəyi baxımından tarixi dönüş nöqtəsi olmuşdur
BAYRAQDAR MEDİA – “Son illər türk dünyasında bir dirçəliş, inteqrasiyanın daha da dərinləşməsi müşahidə olunur. Bu, özünü Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra daha geniş şəkildə büruzə verir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, bu baxımdan 2022-ci il xüsusilə yaddaqalan oldu: “Ötən il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü türk dünyasının birliyi və gələcəyi baxımından bir dönüş nöqtəsi oldu: “Məhz həmin Zirvə Görüşündə KKTC TDT-yə müşahidəçi üzv qəbul edilmişdir”.
Bildirilib ki, həmin Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı tarixə düşmüşdür: “Çünki “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır” deyən cənab İlham Əliyev həmin çıxışı ilə başda Güney Azərbaycan türkləri olmaqla, dünyada yaşayan azərbaycanlılar və türklər məsələsini TDT-nin gündəliyinə çıxarmışdır”.
H.Kılıçın sözlərinə görə, İ.Əliyev çıxışında “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik” deyən Prezident bununla həm də İran rejiminə güclü mesajlar vermişdir: “Bu zirvədə Azərbaycanın tarixi zəfəri də bir daha gündəmə gəlmişdir. Qeyd edilmişdir ki, bu qalibiyyət digər türk dövlətlərinə də bir cəsarət vermişdir”.
H.Kılıç vurğulayıb ki, ümumiyyətlə, türk dövlətləri daha da güclənərək yoluna davam etməkdədir: “Səmərqənd zirvəsi türk dünyasının gələcəyi baxımdan tarixi dönüş nöqtəsi olmuşdur. Qəbul edilən qərarlar çox önəmlidir. TDT Avropa Birliyinə bənzər bir quruma çevrilmək üzrə mühüm addım atmışdır”.