BAYRAQDAR MEDİA – Qardaş Qırğızıstanın Prezidenti Sadır Caparov maraqlı təşəbbüslə çıxış edib. O, ölkəsinin xarici borclarının yaşıl enerji quruculuğuna veriləcək töhfə ilə əvəz edilməsinə çağırıb.
Qırğızıstanın Azərbaycandakı səfirliyindən yanvarın 10-da BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, S.Caparov ölkəsinin xarici borclarının uyğun şəkildə ödənilməsini davam etdirəcək. Lakin bu ölkə enerji istehsalı sahəsində boşluqları doldurmaq üçün yaşıl enerji təşəbbüslərinə üstünlük verməklə xarici borcların əvəzlənməsini istəyir.
Qırğızıstan Prezidenti çağırışında qeyd edib ki, ölkə su resurslarına görə əlverişli durumda olsa da ötən illər ərzində gərəkli tədbirlər görülmədiyi üçün hətta elektrik enerjisini belə xaricdən almalı olur. Ona görə də yeni dövrdə iri miqyaslı su-elektrik stansiyalarının tikilməsi uyğun görülür.
S.Caparov onu da qeyd edib ki, hazırda dünyada zərərli tullantıların mümkün qədər azaldılması və ekologiyanın təmizliyinin qorunması üçün qlobal təşəbbüslər gerçəkləşdirilir. Lakin Qırğızıstan hələ də daş kömür və mazutdan istifadə etməklə ətraf mühitə zərər vurmağa davam edir. Bu baxımdan SES-lərin geniş şəkildə qurulub istifadəyə verilməsi yaşıl enerji hərəkatında Qırğızıstanın ciddi töhfəsi olardı.
Çağırışda o da bildirilir ki, ölkənin xarici borcları hazırda 4,2 mlrd ABŞ dolları məbləğindədir. Qırğızıstan bu məbləğin beynəlxalq donorlar hesabına kompensasiya edilməsi qarşılığında ölkədə SES şəbəkəsinin genişləndirilməsinə əlavə imkan yaradılmasını təklif edir. O, qeyd edir ki, bu çağırışı qarşılıq görərsə, yeni tikiləcək SES-lərin açılış lentlərini beynəlxalq-xarici donorlarla birlikdə kəsmək istərdilər. Yəni Qırğızıstan yaşıl enerji obyektləri tikmək qarşılığında borclu olduğu dövlətlərin və beynəlxalq qurumların borcları silməsini uyğun görür.
S.Caparov qeyd edib ki, əgər bu çağırışı dəstək görərsə, Qırğızıstan çox qısa müddət içində enerji asılılığından da qurtular, yaşıl enerjiyə də sürətli keçid edə bilər.
Onu da əlavə edək ki, Prezidentin çağırışında artıq bu yöndə böyük layihələrdən biri olan Kambar-Ata SES-in tikintisi də qeyd edilir.