Son yeniləmə: 10 Yanvar 2023 09:48
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. Bu artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyən işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq.
Bu fikirlər Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramova aiddir. O, yanvarın 10-da paylaşım edərək məsələ ilə bağlı fikirlərini ictimailəşdirib.
“Məbləğindən asılı olmayaraq bu sektorlarda işləyənlərin maaşları artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində işləyən, dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq”, – deyə deputat qeyd edib.
Əməkhaqqı artımları neçə faiz olacaq?
V.Bayramov daha sonra qeyd edir ki, “bu sahələrdə işləyən və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. VTC-də maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqları 345 manatdan azdır və onlar 300-338 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əmək haqqı isə 979 manatdır. Minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və ya çox olması xüsusi önəm daşımır. Konkret artım faizləri bu il fevralın 5-dək müəyyən ediləcək”.
Müəllim və həkimlərin maaşları artacaqmı?
“Hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqı müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları gözlənilir. Bu isə o deməkdir ki, fevralın 5-dək həmin qurumların da yeni əməkhaqqı cədvəllərini təsdiq üçün təqdim edəcəkləri gözləniləndir. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”, – deyə deputat bildirib.