Son yeniləmə: 10 Yanvar 2023 16:00
BASRAQDAR MEDİA – Avroviziya beynəlxalq mahnı müsabiqəsinin rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2023”-də Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçiminin vaxtını uzadıb.
Yanvarın 10-da İTV-dən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, buna səbəb belə bir zərurətlə bağlı çoxsaylı müraciətlər olub.
“Seçimlərdə iştirak etmək istəyən Azərbaycan ifaçıları və bəstəkarları 15 yanvar saat 22:00-dək öz ifalarını, bəstələdikləri mahnılarını (demo şəklində), yaxud öz ifalarında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını song@eurovision.az elektron ünvanına göndərməlidirlər”, – deyə xəbərdə bildirilir.
O da qeyd edilir ki, “göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir”.
İTV qeyd edir ki, “Avroviziya-2023” mahnı müsabiqəsi İngiltərənin Liverpul şəhərində cari ilin 9, 11 və 13 may tarixlərində keçiriləcək.