Əlirza Abdullahi: Daxildə xalq üsyanı və etirazlarla baş-başa qalan İranın mövcud rejimi bütün sahələrdə məğlubiyyətlə üzləşir
BAYRAQDAR MEDİA – “Ötən həftə İranın Sepah (İslam İnqilabının Keşikçiləri Korpusu) terrorçu qrupu tərəfindən bir videoklip yayımlanıb. Videoklipi birbaşa İranın fars-molla rejimi tərəfindən Azərbaycan Respublikasına qarşı növbəti ideoloji təxribatı kimi dəyərləndirmək olar. Çünki orada Sepah formasında olan uşaqlar əllərində İran bayrağı və üzərində farsca “Qüdsə doğru” yazılmış bayraq tutaraq Xudafərinə doğru addımlayırlar. Bəllidir ki, Xudafərinin Qüdsə gedən yola heç bir aidiyyəti yoxdur. Deməli, vurğuladığım kimi, bu videokliplə İranın mövcud hakimiyyəti bir daha Azərbaycana qarşı təxribata əl atır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda ABŞ-ın Florida ştatında yaşayan Güney Azərbaycanlı milli fəal Əlirza Abdullahi deyib.
Onun sözlərinə görə, əslində, bu videoklip fars-molla rejiminin Qüds məsələsinə yanaşmasının da saxtakarlıqdan, reklamdan başqa bir şey olmadığını ortaya qoyur: “Xatırladım ki, 8 illik İran-İraq müharibəsində bunların bir əsas şüarı vardı. Orada deyilirdi ki, “Qüdsün yolu Kərbəladan keçir”. İddia edirdilər ki, öncə Kərbəlanı alacağıq, sonra da Qüdsü. Bu yalançı sözlərlə yüz minlərlə insanı aldatdılar və günahsız insanları müharibədə məhv etdilər. İndi də bu fars-molla rejimi “Qüdsün yolu Xudafərindən keçir” mesajı vermək istəyir. Bu, bir tərəfdən onu deməyə əsas verir ki, fars-molla rejiminin Qüds sevgisi də saxtadır. Digər tərəfdən onların Azərbaycana və azərbaycanlılara qarşı bundan öncəki hədələri, təxribatları necə iflasa uğrayıbsa, bu dəfə də elə olacaq. İranın bu cür əməlləri sadəcə bumeranq effekti verir və öz əleyhinə yönəlir”.
Müsahibimiz bildirib ki, daxildə xalq üsyanı və etirazlarla baş-başa qalan İranın mövcud rejimi bütün sahələrdə məğlubiyyətlə üzləşir: “İran hazırda iqtisadi baxımdan çökmüş durumdadır. İranın milli valyutası dollar qarşısında dəyərini itirməkdə davam edir. İşsizlik ölkəni bürüyüb. İşsizlik və yoxsulluq ucbatından gənclər evlənə bilmirlər. İranda yaşayan digər xalqlar bu rejimi qəbul etmir. Mövcud rejim xaricdə də ciddi problemlərlə baş-başa qalıb. İran beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdədir. İranın bütün qonşuları ilə problemləri var”.
Əlirza Abdullahi deyib ki, hazırkı vəziyyət fars-molla rejimi daxilində də parçalanmaya təkan verib: “Son vaxtlar İranda bəzi rəsmilərin susqunluq nümayiş etdirməsi, xalq üsyanını qınamaması rejim daxilində parçalanmaya rəvac verib. İranın dini lideri Ayətullah Seyid Əli Xamneyinin ən yaxın adamları digər rəsmilərə qarşı sanki üsyan edir. Onları susduqlarına görə qınayırlar. Bu isə rejimin necə bir acınacaqlı durumda olduğunu ortaya qoyur. Bir sözlə, İran rejimi bütün sahələrdə problemlərlə baş-başadır”.