Son yeniləmə: 10 Yanvar 2023 09:22
BAYRAQDAR MEDİA – 2022-ci ilin 12 dekabr tarixindən Laçın yolu üzərində başlayan etiraz aksiyasına fərqli dəstək tədbirləri davam edir. Belə tədbirlərdən birini də yanvarın 9-da Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri keçirib.
Xəbəri BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən veriblər.
Xəbərdə deyilir ki, məktəbin tarix müəllimi Nigar Məmmədova 9d və 10b sinif şagirdləri, həmçinin təhsil müəssisəsinin rəhbər şəxslərinin iştirakı ilə “Azərbaycan tarixi” dərsini məktəbin həyətində açıq havada təşkil edib.
N.Məmmədova belə bir üsul seçməklə bu soyuq və qarlı havada bir aya yaxındır ki, Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirən ictimai fəallara dəstək məqsədi güddüklərini deyib. O, qeyd edib ki, Azərbaycanın təbii sərvətlərinin qarət olunmasına etiraz olaraq aksiya keçirən fəallar hər tərəfdən dəstək hiss etməlidirlər. Ona görə də məktəb şagirdləri rəmzi olaraq məhz tarix dərsini açıq-qarlı havada keçməklə etirazçıların yanında olduqlarını göstərmiş olurlar.
Məktəbdən onu da bildiriblər ki, belə bir forma seçməklə yalnız etirazçılara deyil, həm də çətin hava şərtlərində Vətənin keşiyində duran əsgər və zabitlərə də dəstək nümayiş etdirməyi hədəfləyiblər.
Şagirdlər və müəllimlər dərs zamanı ekofəalların “Qarabağ Azərbaycandır”, “Xankəndi Azərbaycandır”, “Ekoterrora son” şüarlarını da səsləndiriblər.
https://www.youtube.com/watch?v=i2b70eApi2c