Son yeniləmə: 9 Yanvar 2023 13:55
Yeganə Hacıyeva: Gümrüdəki aksiya Ermənistanın öz ağalarına sonuna qədər sadiq qalmadığını nümayiş etdirməklə yanaşı ənənəvi erməni riyakarlığını bir daha ortaya qoyur
BAYRAQDAR MEDİA – “Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəinki Moskvanın istədiyi nəticəni verməyib, əksinə, Kreml olduqca çətin situasiya ilə üzləşib. Çünki bu işğal bütün dünyada Rusiyaya qarşı etiraz və adekvat addımlara səbəb olub. Hər zaman xəyanəti ilə ad çıxarmış Ermənistan isə bu vəziyyətdən faydalanmaq, öz ağasını dəyişmək istəyir. Yəni uzun illər Rusiyanı forpostu olan Ermənistan indi Qərbin buyruq qulu olmaq niyyətindədir. Bu istiqamətdə göstərilən təşəbbüslərdən biri də Gümrüdəki 102-ci hərbi bazanın güya Ermənistanın iradəsinə zidd, ölkədə arzuedilməz olması kimi təqdim edilməsidir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Başa çatan həftənin sonunda Gümrüdə Rusiya əleyhinə keçirilən etiraz aksiyasını dəyərləndirən politoloq daha sonra bildirib: “Gümrüdəki aksiya Ermənistanın öz ağalarına sonuna qədər sadiq qalmadığını nümayiş etdirməklə yanaşı, ənənəvi erməni reyakarlığını bir daha ortaya qoyur. Çünki 44 günlük müharibədən sonra Ermənistan bir neçə dəfə Gümrüdəki hərbi bazasının imkanlarının genişləndirilməsində özünün maraqlı olması mesajı vermişdi. Məlumat üçün bildirim ki, Gümrüdəki hərbi baza ikitərəfli əsasda fəaliyyət göstərir. Bu baza Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsidir. Ermənistan da bazanın imkanlarının genişləndirilməsini avtomatik olaraq Qafqaz kollektiv təhlükəsizlik bölgəsində öz maraqlarının müdafiəsi kimi görürdü. Lakin dünya düzənində vəziyyətin dəyişdiyini görən ermənilər, daha dəqiq desək, Ermənistan bu gün Rusiyanın üzünə ağ olur. Halbuki Rusiya Güney Qafqazda mövcud hərbi və siyasi reallıqları nəzərə almaqla həmişə erməni maraqlarının müdafiəçisi qismində çıxış edib”.
Y.Haclyeva qeyd edib ki, etirazın təşkilatçısı “Milli Demokratik Qütb” siyasi qrupu radikal revanşist cərəyandır: “Bu qrup bayramdan öncə, Laçın dəhlizinin ikitərəfli fasiləsiz istismarı üçün məsuliyyəti öz üzərinə götürən Rusiya sülhməramlılarından öhdəlikləri yerinə yetirib yolu açmayacaqları halda bazanın köçürülməsini tələb edəcəklərini bildirmişdi. Lakin istənilən halda son aksiyada Ermənistan hakimiyyətinin də maraqlı olduğu kimsəyə sirr deyil”.
Rusiyanın maraqlarına gəlincə, Y.Hacıyeva, “bu bazanın Gümrüdən köçürülməsi, ən azı indiki halda buna qarşı təşəbbüslər Rusiyanın Güney Qafqazdakı maraqlarının əleyhinə yönəlib. Çünki hazırda Rusiyanın bölgədəki hərbi mövcudluğu Gümrüdə və sülhməramlılar qismində Azərbaycanın Qarabağ iqtisadi rayonundadır. Qarabağda bu mövcudluq qısa müddətlidir və baza statusuna malik deyil. Sülhməramlılar faktiki olaraq birinci müddətə ancaq qala biləcək. Gümrüdəki isə tam miqyaslı hərbi bazadır və Rusiyanın Güney sərhədlərinin qorunmasında fəal şəkildə iştirak edir” deyib.
Onun sözlərinə görə, istənilən halda vəziyyətin bu həddə çatmasının günahı Rusiyadadır: “Çünki Rusiya 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsinə etinasız yanaşdı. Bu davranış isə Ruisyanın Güney Qafqazdakı maraqlarılnı zədələdi”.