BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstan Rusiya ilə 1995-ci ildə bağlanmış bir müqaviləni ləğv edir.
Bu haqda məlumat müzakirə üçün yanvarın 6-dan Qazaxıstanın e-hökumət portalında yerləşdirilib.
Yanvarın 20-də qüvvəyə minməsi nəzərdə tutulan qərar layihəsi Rusiya rublu və Qazaxıstan tengesinin qarşılıqlı mübadiləsi və kursunun sabitləşdirilməsi tədbirləri haqqındadır.
Qeyd edilir ki, sözügedən müqavilə 20 yanvar 1995-ci ildə Moskva şəhərində imzalanıb və ötən müddət ərzində qüvvədə olub.
Qazaxıstan hökuməti müqavilənin ləğvini onun aktuallığını itirməsi ilə əlaqələndirir.
Bu il yanvarın 20-də müqavilə ləğv ediləcək və Qazaxıstan Xarici İşlər Nazirliyi bununla bağlı Rusiya hökumətini məlumatlandıracaq.
Əlavə edək ki, Qazaxıstanın bu addımı nəzakətli şəkildə atması, əslində, Rusiyanın vəziyyətinin getdikcə pisləşməsi şəraitində rublun da öz dəyərini itirməsi ilə bağlıdır. Fikrimizcə, qardaş Qazaxıstan həm də bu yolla Rusiyadan məsafəli davrandığını göstərib özünü qlobal səviyyədə gərəksiz təpkilərdən qorumağı hədəfləyir.