Son yeniləmə: 9 Yanvar 2023 14:56
BAYRAQDAR MEDİA – İran hökuməti Azərbaycan dövlətinə və xalqına qarşı daha bir təxribat xarakterli addıma əl atıb. Molla rejiminin dəstəyi ilə yanvarın 8-də Tehran Universitetində qondarma “Talış-Muğan respublikasının prezidenti” Əlikram Hümbətovun xatirəsinə həsr olunmuş mərasim təşkil edilib.
Xəbəri “Azad İran” kanalı yayıb.
“İllərdir Azərbaycan əleyhinə qatı düşmən mövqeyi sərgiləyən “Bultan News” xəbər ajansı yazır ki, sözügedən qondarma qurum Azərbaycan Respublikasının tərkibində talışlar tərəfindən yaradıldıqdan sonra bir neçə ay yaşayıb və sonda “Bakı rejimi” tərəfindən ləğv edilib. Mərasimdə qondarma “Milli Talış Hərəkatı” informasiya xidmətinin rəhbəri Zabil Məhərrəmov fəxri qonaq qismində çıxış edib”, – deyə xəbərdə bildirilir.
Qeyd edək ki, Ə.Hümbətov 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasının Güney bölgəsində yaşayan talışların adından hərəkət edərək ölkə torpaqlarını bölməyə çalışmışdı. Lakin elə məhz talışların özləri Azərbaycan dövlətinin və xalqının dəstəyi ilə ona yerini göstərmişdi. Bundan sonra uzun müddət həbsdə yatan Ə.Hümbətov Azərbaycan dövlətinin humanizmi nəticəsində azad edilmiş və Avropaya yerləşmişdi. O, Avropaya yerləşdikdən sonra ermənilərlə və Ermənistanla yaxından əməkdaşlıq etməyə başlamış, hətta işğal altında olan Xankəndiyə gələrək Azərbaycan əleyhinə çirkin təbliğata alət olmuşdu.
Onu da əlavə edək ki, özünü talışların hamisi kimi təqdim edən Zabil Məhərrəmov (Madoj) da Azərbaycana xəyanət edərək Ermənistana sığınıb. O, Ermənistan dövlətinin birbaşa himayəsi ilə anti-Azərbaycan təbliğatında istifadə edilir və guya talışların mənafelərini qoruduğunu iddia edir.