Son yeniləmə: 9 Yanvar 2023 11:48
BAYRAQDAR MEDİA – Bir neçə gün öncə sosial mediada paylaşım edərək ali təhsil diplomu olanların iş tapa bilməməsi fikri ilə razılaşmadığımı yazmışdım. Əlbəttə, bunu yazarkən xeyli sayda narazı reaksiya alacağımı da təxmin edirdim. Əmin idim ki, insanların böyük bir qismi məhz iddia edəcək ki, yanlış düşünürəm.
Təxminim özünü dərhal doğrultdu. Az sayda istisnalarla əksəriyyət paylaşıma reaksiya verərək mənimlə razılaşmadığını bildirdi. Hətta şəxsimə zəng edib bunu əsaslandıran da oldu. Təbii ki, bu yanaşmaya təmkin göstərdim, insanların özlərini belə sərbəst və açıq şəkildə ifadə etməsinə sevindim.
Amma əsas məqsədim nə idi? Doğrudanmı ali təhsilli adamların iş tapa bilməməsi fikrinin əksini sübut etmək istəyirdim? Yəni doğrudanmı bizim ölkəmizdə ali təhsilli və savadlı insanlar üçün iş yerləri mütləq əlçatandır?
Əlbəttə ki, belə deyil. Niyə belə olmadığını da elə paylaşımın altındakı rəylərdən öyrənmək olar. Çoxluq bu fikirdədir ki, bizim ölkəmizdə ali təhsil diplomu, üstəlik də savad heç də bir şəxsin işlə təmin edilməsi üçün təminat sayıla bilməz. Bunun üçün əlavə və sivil ölkələrdə anormal sayılacaq faktorlar da var…
Adamlar haqlıdır. Doğrudan da ali təhsili və yetərli savadı olduğu halda özəlliklə də dövlət işindən kənarda tutulan minlərlə insana rast gəlmək olar. Hətta dövlət qulluğuna qəbulda tətbiq edilən şəffaflıq və ədalətli seçim imkanları da problemi kökündən çözə bilmir. Yenə də arada insan faktoru – subyektivlik (müsahibə mərhələsi) öz mənfi rolunu oynayır.
Bəli, məhz belədir. Qəbulun test mərhələsində yüksək bal toplayanların müsahibədən keçə bilməməsi ilə bağlı istənilən qədər örnək var. Əlbəttə, biz müsahibədən kəsilənlərin hamısının ədalətsizliyə tuş gəldiyini iddia etmirik. Amma hətta tanıdığımız adamlar var ki, məhz müsahibə mərhələsində subyektiv yanaşma üzündən işə qəbul oluna bilməyiblər…
Dövlət işi bir yana, özəl sektorda belə yenə də subyektivlik ön plandadır. Yaxud da orta məktəblərə müəllimlərin işə qəbulunda yol verilən subyektivliklər haqqında gen-bol danışa bilərik. Örnək üçün, bəzən görürük ki, hansısa rayonda yaşayan bir müəllim aşağı bal topladığı halda gəlib Bakının ən mərkəzindəki məktəbdə müəllim işləyə bilir. Lakin Bakıda yaşayaraq imtahandan daha yüksək bal toplamış müəllimlərin də uzaq kəndlərə sürülməsi halları yox deyil. İnsan faktoru – subyektivlik varmı burda? Əlbəttə, var. Hələ bu halda adamlar işlə təmin edilmiş olur. Amma elə hallar da olur ki, imtahanlardan keçənlərə “gözlə” deyirlər. O gözləməkdəykən hansısa sirli bir əl ətrafdakı boş iş yerlərini sehirli bir şəkildə doldurur…
Demək istədiyimiz odur ki, həqiqətən də ali təhsilli və savadlı insanların işlə təminatında ciddi qüsurlar var. Sual oluna bilər ki, iş yerləri varsa, niyə diplomlu adamlar kənarda qalır?
Səbəb çox sadədir. İstər dövlət işində, istərsə də özəl sektorda işə götürmə səlahiyyəti və imkanı olanlar istənilən vəzifəyə daha savadlı və uyğun təhsilli şəxsləri deyil, öz tayfalarına aid kimsələri cəlb edir. Bir qayda olaraq əksər hallarda işə götürmə səlahiyyəti olanlar yerlibazlıq, tayfabazlıq, qohumbazlıq, tapşırıq əsasında işçi seçir. Yəni bu mağara təfəkkürlü adamlar düşünmür ki, işçini bu faktorlara görə deyil, savad və bacarığına görə işə cəlb etmək lazımdır. Ona görə də əlində diplomu olan insanlar uzun illər işsiz qalır, yaxud da təhsilinə uyğun olmayan – daha aşağı işdə işləməli olur. Bu baxımdan mənimlə razılaşmayanlarla razılaşmamaq mümkün deyil…
Amma bütün bunlarla bərabər bir fikrimi də demək istərdim. Yenə də əminəm ki, yaxşı savadı və bacarığı olan insanlar işsiz qalmır. Ola bilər ki, onlar həmişə dövlət qulluğuna, yaxud da çox hörmətli şirkətlərə işə düzələ bilməsin. Amma özlərinə iş qurmaqla bağlı heç vaxt problemləri olmur.
Bu baxımdan özümdən misal çəkə bilərəm. 2005-ci ildə müxalifətin bərk gedənləri məni düzdə qoyanda bu halı yaşamışdım. Məlumdur ki, parlament seçkiləri çoxlu pul tələb edir. Bizdə də adətən çoxlu pul olmur. Amma buna baxmayaraq seçki üçün olan-qalanımızı xərcləmişdik. Deputat mandatımız mənimsənilmiş, özümüz də ortalıqda pulsuz-parasız qalmışdıq. Belə bir çətin anımda Əli Kərimli və dəstəsi mənə əlavə zərbə vuraraq daha da çətin duruma düşməyimə səbəb olmuşdu.
Təbii ki, o dövrdə ruhdan düşməmiş, özümə iş qurub yenidən belimi dikəltmək üçün hərəkətə keçmişdim. Bu mərhələdə məhz qazandığım təcrübə və savad əlimdən tutmuşdu. İngilis dilindən tərcümə işinə başlamışdım və çox qısa bir müddət içində yaxşı pul qazanaraq yenidən relsə düşmüşdüm. Özü də bu işi evdə oturaraq, rahat bir ortamda edirdim. Həm də dövlətin vergisini ödəməklə. Yəni savadlı və diplomlu adamın alternativləri həmişə olur və olmalıdır deyə düşünürəm…
İndi bir daha o məsələyə qayıdıram ki, məqsədli təxribat üçün etdiyim paylaşım, əslində, bu məsələnin müzakirəsinə səbəb olmaqdan ötrü idi. Amma təəssüflər olsun ki, geniş müzakirə alınmadı. Halbuki müzakirə daha geniş olardısa, diplomlu işsizlərin işlə təminatı üçün həyəcan təbili çalmaq olardı. Lakin dostluğumda olan və əlində diplomuyla iş tapa bilməyən çox sayda insan bu müzakirədə susmağa üstünlük verdi. İndi nə deyək? Hətta özünə faydalı olacaq bir müzakirədə belə iştirakdan çəkinən diplomluların işsiz qalması təbii deyilmi? Bəlkə onların işsiz qalmasının əsas səbəbi həm də mübariz olmamaqda, öz haqqını tələb etməməkdədir?..