Press "Enter" to skip to content

Azərbaycan qazilərinin iştirakı ilə yaddaqalan tədbir

Heydər Əliyevin Ceyhandakı abidəsi önündə xatirə şəkli

Son yeniləmə: 8 Yanvar 2023 19:29

Emin Həsənli: Ceyhanda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin türk dünyası və Azərbaycanın müstəqilliyi üçün gördüyü misilsiz işlərdən bəhs edildi

BAYRAQDAR MEDİA – Azərbaycanın bir qrup Vətən müharibəsi qazisinin qardaş Türkiyədə səfərdə olduğu, Mersində və Adanada bayram təbdirlərində iştirak etdiyi barədə məlumat vermişdik.

Türkiyədə Azərbaycan qazilərinə böyük diqqət

Onu da qeyd edək ki, qazilər ötən günlərdə digər maraqlı görüş və ziyarətlərdə də olublar.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfərin təşkilatçısı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Onun sözlərinə görə, yanvarın 4-də Tarsusda olan qazilər oradakı Heydər Əliyev parkı və abidəsini ziyarət ediblər.

Tədbir iştirakçıları Mustafa Kemal Atatürkün abidəsini də ziyarət ediblər
Tədbir iştirakçıları Mustafa Kemal Atatürkün abidəsini də ziyarət ediblər

Yanvarın 6-da isə Azərbaycan qaziləri Ceyhan şəhərində olublar: “Qeyd edim ki, yanvarın 6-da Azərbaycan qazilərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin son dayanacağı olan Ceyhanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda tədbir keçirildi. Tədbirdə Ceyhan Bələdiyyə başqanı Hülya Erdem, Türkiye Muharip Gaziler Derneğinin başqanı Beyazıt Yumuk və dərnəyin idarə heyətinin üzvləri iştirak edirdi. Bu tədbir bir çox məqamları ilə qardaş ölkədə diqqət mərkəzində oldu”.

Bildirilib ki, tədbir iştirakçıları Mustafa Kemal Atatürkün və Heydər Əliyevin abidələri önünə gül dəstələri qoyublar. Sayğı duruşu, həmçinin, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra E.Həsənli çıxış edib.

Ceyhan Bələdiyyəsin başqanı Hülya Erdem
Ceyhan bələdiyyə başqanı Hülya Erdem

Qardaş ölkələrin tarixi əlaqələrindən, tarix boyu hər zaman bir-birilərinə dəstək olduqlarından danışan E.Həsənli, həmçinin, Heydər Əliyevin türk dünyası, Azərbaycanın müstəqilliyi üçün gördüyü misilsiz işlərdən bəhs edib. O, Azərbaycanın tarixi Zəfərinin memarının məhz Heydər Əliyev olduğunu bildirib: “Şuşa işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti çıxışında məhz ata vəsiyyətinə əməl etdiyini bildirmişdi. Bu müharibə zamanı dünya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha gördü. Təbii ki, bu qardaşlığın bu gün daha da inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan arasında olan dostluq münasibətlərini xüsusi qeyd etmək lazımdır. Bu dostluğun Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyəti vardır. Bu dostluq hər iki dövlətin müasir uğurlarının mərkəzində dayanan əsas məqamlardan biridir”.

Türkiye Muharip Gaziler Derneğinin başqanı Beyazıt Yumuk
Türkiye Muharip Gaziler Derneğinin başqanı Beyazıt Yumuk

E.Həsənli deyib ki, tədbirdə Ceyhan bələdiyyə başqanı Hülya Erdem də çıxış edib: “Bələdiyyə başqanı Ceyhanda Heydər Əliyev məktəbi və Heydər Əliyev muzeyinin olduğunu dedi. O, ceyhanlıların Heydər Əliyevə məhəbbətindən bəhs etdi və neft kəmərinin Ceyhana qədər gəlməsində Ulu Öndərin xidmətindən danışdı”.

Türkiyəyə səfər edən Azərbaycan qaziləri
Türkiyəyə səfər edən Azərbaycan qaziləri

Türkiye Muharip Gaziler Derneğinin başqanı Beyazıt Yumuk da çıxışında Heydər Əliyevin türk dünyası üçün xidmətlərindən bəhs edib: “O, Ceyhanda şəhid ailələri və qazilər dərnəyi ofisinin məhz Heydər Əliyev parkında tikilməsinin təsadüf olmadığını bildirdi. Qeyd etdi ki Heydər Əliyev şəhid ailələrinə və qazilərə həmişə diqqət və qayğı ilə yanaşıb. Ceyhanın qaziləri və şəhid ailələri dərnək ofisinin Heydər Əliyev parkında yerləşməsindən məmnundurlar”.

Emin Həsənli çıxış edərkən
Emin Həsənli çıxış edərkən

E.Həsənlinin sözlərinə görə, çıxışlarda bir məqam xüsusi olaraq qeyd edilib: “Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ilk tədbirin Ceyhanda, özü də Azərbaycan və Türkiyə qazilərinin iştirakı ilə keçirilməsi çıxışçılar tərəfindən xüsusi vurğulandı”.

Sonda onu da bildirək ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı və Türkiye Muharib Qaziler Derneğinin dəvəti ilə bir qrup Vətən müharibəsi qazisinin Türkiyəyə səfəri davam edir.

Mission News Theme by Compete Themes.