Press "Enter" to skip to content

Rəsmi Tehran daxili və xarici uğursuzluqlar zolağında

Məcid Cavadi

Məcid Cavadi: 2022-ci il fars-molla rejimi üçün çöküşün, Güney Azərbaycan üçün isə milli dirçəlişin başlanması ilə yadda qaldı

BAYRAQDAR MEDİA – “2022-ci il ümumilikdə İran üçün iki məqamla yadda qaldı. Bunlardan birincisi İranın nüvə proqramı ilə bağlıdır. Bu proqramla əlaqədar Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında razılaşmanın imzalanması gözlənilirdi. İranda və ətrafda belə bir fikir hakim idi ki, müqavilə imzalanacaq və rejim rahatlıq tapacaq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.

Onun sözlərinə görə, gözlənilənlərin əksinə olaraq Co Bayden administrasiyası dövründə də anlaşma imzalanmadı: “Eyni zamanda İranda başlanan etiraz aksiyaları bu proqram ətrafında gedən danışıqların da dayanmasına səbəb oldu. Ən sonda ABŞ Dövlət katibi Entoni Blinken dedi ki, nüvə proqramı ilə bağlı danışıqlar nəticəsiz tamamlanıb. Onu da qeyd edim ki, bu proqram ətrafında razılığın əldə olunmaması onsuz da bərbad durumda olan İran iqtisadiyyatının çöküşünü sürətləndirir. Təbii olaraq bu durum sadə insanları da narahat edir. Çünki onlar yoxsulluq içərisində yaşayır. Rejim xüsusilə də Güney Azərbaycan türklərinin iqtisadi və maliyyə problemlərinin həlli üçün hər hansı bir addım atmır”.

M.Cavadi bildirib ki, 2022-ci ildə İranla bağlı yadda qalan digər vacib məqam 4 aydır davam edən etirazlardır: “Bu etirazların ilk günündən Güney Azərbaycan türkləri fəallıq göstərirlər. Amma son vaxtlar Güney Azərbaycanlılar bir qədər ehtiyatlı addım atmaqdadırlar. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, farsların hazırki rejimə müxalif olan qüvvələri də molla rejimi kimi digər xalqlara heç bir azadlıq vermək niyyətində deyillər. Buna görə də Güney Azərbaycan bu prosesdə ancaq azadlıq, milli hökumət qurulması yoluna üstünlük verir”.

Müsahibimiz vurğulayıb ki, 2022-ci ildə Prezident İlham Əliyevin verdiyi dəstək, səsləndirdiyi fikirlər Güney Azərbaycan türklərinin gücünə güc qatıb: “Həm cənab Prezidentin çıxışları, həm də Azərbaycan mediasının dəstəyi Güney Azərbaycanda müsbət mənada böyük təsir yaratdı. Bu dəstək Güney Azərbaycanın siyasi atmosferinə əlavə güc, təkan verdi. Bütün bunların fonunda onu deyə bilərəm ki, 2022-ci il rəsmi Tehranın daxili və xarici uğursuzluqlar zolağına düşməsi, fars-molla rejimi üçün çöküşün, Güney Azərbaycan üçün isə milli dirçəlişin başlanması ilə yadda qaldı”.

Mission News Theme by Compete Themes.