Son yeniləmə: 6 Yanvar 2023 12:38
Vüqar Bayramov: 2022-ci ildə Azərbaycan iqtisadi artım tempini qoruyub saxladı
BAYRAQDAR MEDİA – “2022-ci il iqtisadiyyatı region, eləcə də dünya üçün proqnozlaşdırılmayan hadisələrlə yadda qaldı. Bu da səbəbsiz deyil. Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına mənfi təsir göstərdi. Azərbaycan da Rusiya-Ukrayna müharibəsinin təsirlərini hiss etdi”.
Bunu BAYRAQDAR MEDİA üçün 2022-ci ilin iqtisadi yekunlarını dəyərləndirən millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, bir tərəfdən regionda, eləcə də qlobal bazarda qiymət artımları Azərbaycanın istehlak bazarına öz təsirlərini göstərdi: “Amma qlobal və regional çətinliklərə baxmayaraq Azərbaycan ümumi daxili məhsulda (ÜDM) artım tempini qoruyub saxlaya bildi. ÜDM-də 5 faizə yaxın artım qeydə alındı. Eyni zamanda, qeyri-neft sektorunda artım tempi 10 faizə yaxın oldu. Bu da ondan xəbər verir ki, 2022-ci ildə bütövlükdə Azərbaycan iqtisadiyyatının artımı məhz neftdən kənar sektorda aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı nəticəsində mümkün oldu. Yəni qeyri-neft sektoru əsas drayverə çevrildi”.
V.Bayramov qeyd edib ki, neftin dünya bazarında qiymətinin artması da müəyyən rol oynadı: “O mənada ki, bu, praktik olaraq ölkəyə daxil olan valyutanın həcminin artmasına imkan yaratdı. Qeyri-neft sektoru ilə bağlı digər mühüm məqamlardan biri bu sektorun ixrac imkanlarının genişlənməsi və 2022-ci ildə qeyri-neft ixracının 15 faizdən çox artması oldu. Bu da təbii ki, Azərbaycan ixracatının diversifikasiyası baxımından vacibdir. Ümumilikdə 2022-ci ildəki qlobal və regional çətinliklərə baxmayaraq Azərbaycan iqtisadi artım tempini qoruyub saxladı. Bu da 2023-cü il üçün iqtisadi artım tempini davam etdirmək baxımından yeni imkanlar deməkdir”.