Press "Enter" to skip to content

QHT sektoru: Ötən ilə baxış, yeni ildən gözləntilər

Cəsarət Hüseynzadə

Dəyişikliklər və uğurlarda əsas pay sahibi istənilən halda QHT sektorunun özü olmalıdır

BAYRAQDAR MEDİA – Oxucularımıza bəlli olduğu kimi, BAYRAQDAR MEDİA olaraq ilk gündən üçüncü sektora xüsusi diqqətlə yanaşmışıq. Bunu saytımızda “Vətəndaş cəmiyyəti” bölməsinin olması da təsdiqləyir. Yeni, 2023-cü ildən etibarən isə biz bu bölməmizə bir qədər də fəallıq gətirməyə qərar verdik. Region QHT-ləri də daxil olmaqla ölkənin aparıcı QHT təmsilçilərinin fikirlərini mütəmadi olaraq oxucularımıza təqdim edəcəyik. Bu təqdimatın necəliyini, yəni köşə, açıqlama, yaxud məqalə formasında olmasını isə onlar özləri müəyyən edəcəklər.

Beləliklə, təşəbbüsümüzə ilk reaksiyanı təqdim edirik.

QHT sektoru: Ötən ilə baxış, yeni ildən gözləntilər

Cəsarət Hüseynzadə – “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri. Özəl olaraq BAYRAQDAR MEDİA üçün.

2022-ci il ümumilikdə Azərbaycanda bütün sahələr üzrə islahatlar və dinamiklik ilə yadda qaldı. Həmçinin, QHT sektorunda da müəyyən hərəkətlilik oldu. Müxtəlif QHT-lər tərəfindən uğurlu layihələr və tədbirlər həyata keçirildi.

Amma hesab edirəm ki, bu uğurlu fəaliyyətlərin sırasında ilk yeri Azərbaycan QHT nümayəndələrinin, ekofəalların, gənc könüllülərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası tutur. Bu aksiya iştirakçı kontingentinə və qaldırdığı məsələlərin milli, həmçinin qlobal xarakterinə görə fərqlənir. Hesab edirəm ki, aksiya ilkin mərhələ üçün məqsədlərinə çatıb. Həm də arzu edirəm ki, etiraz aksiyası tezliklə ümumi məqsədlərə də çatsın.

2022-ci il ərzində III sektor üçün daha vacib bir məqam “Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu”nun keçirilməsi oldu. Əlbəttə, biz bu cür forumların davamlılığını və işçi qruplar səviyyəsində inkişafını da arzu edirik. Azərbaycan QHT sektorunun və eyni zamanda dövlət qurumlarının bu təcrübədən yararlanması ümumilikdə vətəndaş cəmiyyətinin inkişafına yaxşı töhfə ola bilər.

Sektorda əsas hərəkətlilik isə QHT Agentliyinin dəstəklədiyi layihələr çərçivəsində yarandı. 2021-ci ili ağır maliyyə şəraitində, daha doğrusu, maliyyəsiz başa vuran ictimai birliklər dövlət başçısının müvafiq fərmanı nəticəsində həm 2021-ci ildən qalan maliyyə vəsaiti, həm də 2022-ci il üçün nəzərdə tutulan vəsaitə uyğun layihələrin icrasını həyata keçirdilər. Ümumilikdə təqribən 1 minə yaxın layihə həyata keçirildi. Düzdür, büdcələrin kiçik məbləğdə (7-8 min manat) olması daha keyfiyyətli və davamlı layihələrin icrası üçün müəyyən problemlər yaradır. Amma hesab edirəm ki, bu vəsait ölkədə QHT sektorunun ayaqda qalması üçün hələ ki, əsas və yeganə alətdir.

İl ərzində vətəndaş cəmiyyətinin bacarıqlarının inkişafı ilə bağlı da müəyyən fəaliyyətlər həyata keçirildi. Mingəçevirdə QHT-lərin bilik və bacarıqlarının inkişafı üçün 100-ə yaxın QHT nümayəndəsinin iştirakı ilə təlimlər oldu. Hesab edirəm ki, bu təlimlər də davamlı olmalıdır. Eyni zamanda, mənim qənaətimə görə, bu tip təlim modulları il boyu, davamlı olaraq kiçik qruplarda keçirilsə, daha effektiv nəticələr verə bilər. Çünki layihələrin yazılması təlimləri o qədər də asan qavranılan məsələ deyil. Burada bilik və bacarıqlar üzrə qrupların formalaşması və interaktivliyin təmin olunması əsas şərtdir.

İl boyu keçirilən vacib tədbirlər sırasında regionlarda ictimai şuraların vəziyyəti ilə bağlı ictimai dinləmələrin təşkilini və daha sonra bu istiqamətdə keçirilən təlimləri qeyd edə bilərik. İctimai dinləmələrin birbaşa Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Vüsal Quliyevin rəhbərliyi ilə keçirilməsi rayon icra hakimiyyətləri səviyyəsində bu məsələyə diqqəti xeyli artırdı. Bu sahədə müəyyən irəliləyişlər oldu. Xüsusən baxışlar müəyyən mənada dəyişdi.

Bundan başqa Agentlik tərəfindən həyata keçirilən “QHT ziyarətləri” də maraqlı layihə olaraq 2022-ci il üçün xarakterik oldu.

QHT sektoru il boyu milli məsələlərdə, xarici məkrli qüvvələrin Azərbaycana qarşı fəaliyyətinə etirazda öz mövqeyini göstərdi. Bununla bağlı QHT-lər tərəfindən müxtəlif tədbirlər təşkil edildi, bəyanatlar verildi, sosial şəbəkələrdə müxtəlif aksiyalar keçirildi.

Bu sadalananlar Azərbaycan QHT-lərinin daim dövlətin yanında olduğunu və milli maraqları müdafiə etdiyini bir daha göstərdi.

Bütün bu uğurlarla yanaşı, təəssüf ki, 2022-ci ildə ümumilikdə QHT-lər üçün bəzi problemlər də özünü göstərdi. Bəs problemlər hansılardır?

İlk növbədə hazırda dövlət və biznes sektorunun inkişafı ilə QHT sektorunun inkişafı adekvat deyil. Resursların azlığı səbəbindən xeyli peşəkar kadrlar QHT sektorundan uzaqlaşdı və hazırda bu sektor peşəkarlar üçün maraqlı deyil. Ölkədə alternativ maliyyə mənbələrinin olmaması QHT-lərin müstəqil və peşəkar fəaliyyətinə müəyyən mənada maneələr yaradır. Alternativ maliyyə mənbələri həm daxili, həm də xarici əsaslı olmalıdır.

Bu baxımdan 2023-cü il üçün bəzi gözləntilərimiz var və həmin məqamları görüşlərdə də diqqətə çatdırmışıq. Hesab edirəm ki, QHT Agentliyi ilin əvvəlindən qrant strategiyasını açıqlamalıdır ki, il boyu hansı tarixdə hansı mövzularda müsabiqələr olacağı öncədən bilinsin.

Başqa vacib məqam isə artıq Agentliyin orta, böyük və institusional qrant siyasətinin reallaşmasıdır. Düzdür, ötən il Agentlik böyük və orta məbləğdə müəyyən qrantlar verdi, amma bu, xüsusi qrant olaraq qiymətləndirilə bilər.

Bütün bunların fonunda qeyd etmək istəyirəm ki, dəyişiklər və uğurlarda əsas pay sahibi istənilən halda QHT sektorunun özü olmalıdır.

Mission News Theme by Compete Themes.