BAYRAQDAR MEDİA – Xorvatiyada Zaqreb Yunus Emre İnstitutu (YEE) tərəfindən polislər üçün türk dili kursları başlayıb. Kurslar Xorvatiya Polis Akademiyası ilə əməkdaşlıq çərçivəsində reallaşır.
Balkan News xəbər verir ki, kursların başlaması münasibətilə paytaxt Zaqrebdə keçirilən tədbirdə Türkiyənin Zaqrebdəki səfiri Yavuz Selim Kıran, Xorvatiya Polis Akademiyasının rəhbəri Yosip Çeliç və Zaqreb YEE koordinatoru Fuat Korkmaz iştirak ediblər.
Məlumata görə, çıxışında türk dilini seçdikləri üçün Xorvatiya Polis İdarəsinin hər bir əməkdaşını təbrik edən S.Kıran, “Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın səfəri zamanı daxili işlər nazirlikləri arasında imzalanan anlaşma memorandumu ilə Türkiyə və Xorvatiyada vəzifə yerinə yetirəcək polislər YEE tərəfindən verilən kurslar sayəsində sərhədlərdə bir-biri ilə türkcə ünsiyyət qura biləcəklər” deyib.
Türk dili kursları ilə iki ölkənin təhlükəsizlik personalı arasında əlaqə və koordinasiyanın daha da güclənəcəyini qeyd edən S.Kıran, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsini arzu etdiklərini bildirib.
Türkcənin karyera planlamasında əhəmiyyətli bir faktor olacağına diqqət çəkən Y.Celiç 2023-cü ildə YEE ilə birlikdə yol, sərhəd və trafik terminlərini ehtiva edən Xorvatca-Türkcə lüğət üzərində çalışdıqlarını ifadə edib.