Son yeniləmə: 5 Yanvar 2023 14:37
Emin Həsənli: Azərbaycan qaziləri həm Mersində, həm də Adanada böyük çoşqu ilə qarşılandı
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycanın bir qrup Vətən müharibəsi qazisi qardaş Türkiyəyə səfər edib.
Artıq qazilər Mersində və Adanada bayram təbdirlərində iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfərin təşkilatçısı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qaziləri öncə yanvarın 3-də Mersinin düşmən işğalından azad olunmasının 101-ci ildönümü ilə bağlı mərasimlərə qatılıb: “Mersinin azad olunmasının 101-ci ildönümü münasibəti ilə keçirilən tədbirə qatılan Azərbaycan qazilərini Mersin valisi Ali Hamza qarşıladı. Sonra Mersinin azad olunmasına həsr olunmuş yürüş oldu. Yürüşdə əllərində Azərbaycan və Türkiyə bayraqları tutmuş Azərbaycan qaziləri də iştirak etdilər”.
E.Həsənli bildirib ki, Azərbaycan qaziləri həmçinin, Mersin Şəhidlər Xiyabanını ziyarət edib: “Məzarlara gül qoyularaq, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şəhidlər Xiyabanının ziyarətindən sonra qazilər Türkiye Muharip Gaziler Derneğinin Mersin şöbəsində qonaq oldular. Tədbirdə Mersin valisi, bələdiyyə başqanı, Akdeniz bölgə və dəniz komutanı iştirak etdi. Tədbir zamanı qarşılıqlı xatirə hədiyyələri təqdim olundu”.
E.Həsənli qeyd edib ki, yanvarın 5-də Adananın düşmən işğalından qurtuluşunun 101-ci ildönümü qeyd edilib: “Adananın mərkəzində, Büyüksaat meydanında 101 il öncə qurtuluşun simvolu olan Türkiyə bayrağı yenidən yüksəkliklərə qaldırıldı. Bayrağı meydana Azərbaycan qaziləri Türkiyə qaziləri və şəhid ailələri ilə birlikdə gətirdilər. Azərbaycan qaziləri meydanda keçirilən yürüşə və bayram tədbirinə də qatıldılar. Yürüşdən sonra dahi Mustafa Kemal Atatürkün abidəsi önünə əklil qoyuldu”.
Səfərin davam etdiyini deyən E.Həsənli qazilərin Adanada bir sıra görüşlər keçirəcəyini də bildirib: “Onu da deyim ki, Türkiyədə Azərbaycan qazilərinə böyük diqqət var. Azərbaycan qaziləri həm Mersində, həm də Adanada böyük çoşğu ilə qarşılandı”.
E.Həsənli həmçinin əlavə edib ki, səfər Türkiye Muharip Gaziler Derneğinin dəvəti ilə həyata keçirilir: “Dərnəyin genel başqanı Beyaziy Yumuk və onun heyəti Azərbaycan qazilərinə həmişəki kimi böyük diqqət və qayğı göstərir”