Hulusi Kılıç: 2022-ci il ərzində iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələr daha da dərinləşdi
BAYRAQDAR MEDİA – “2022-ci il Türkiyə-Azərbaycan əlaqələrində uğurlu il oldu. İki qardaş ölkə arasında bütün sahələrdə əlaqələr daha da dərinləşdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, 2022-ci il mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Rize-Artvin beynəlxalq hava limanının açılışında iştirakı bütün dünyada böyük maraqla izləndi: “Eyni zamanda, mayın 28-də Bakı “TEKNOFEST-Azərbaycan” festivalında, oktyabrın 20-də Zəngilan Hava Limanının açılışında Cümhurbaşqanı Recep Tayyip Erdoğanın iştirakı maraqla qarşılandı. Ümumiyyətlə, il boyu dövlət və hökumət təmsilçiləri səviyyəsində qarşılıqlı səfərlər əlaqələrin intensiv inkişafını təmin edib”.
Keçmiş səfir qeyd edib ki, il ərzində Türkiyə tərəfindən Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində lazım olan bütün dəstək göstərilib: “Düzdür, Ermənistanın və xarici havadarlarının davranışı ucbatından hələlik sülh müqaviləsi imzalanmayıb. Amma Ermənistanın bu müqaviləni imzalamaqdan başqa yolu, çarəsi yoxdur. Ümumilikdə, ötən il Qarabağ Türkiyə-Azərbaycan əlaqələrinin mərkəzi halına gəlmişdir. Türkiyənin həm Cümhurbaşqanı, həm xarici işlər, həm də müdafiə naziri iştirak etdikləri beynəlxalq tədbirlərdə bu məsələni gündəmə gətirmişlər”.
Qeyd edilib ki, başa çatan il ərzində iki qardaş ölkə arasında iqtisadi əlaqələr də inkişaf edib: “Eyni zamanda, hərbi sahədə əməkdaşlıq daha da yüksək səviyyəyə çatıb. İlk dəfə iki qardaş ölkə arasında genişmiqyaslı hərbi təlim keçirilib. Həmin təlimdə Türkiyənin quru, hava və dəniz qüvvələri iştirak edib. İki ölkənin müdafiə nazirləri bu təlimi yaxından izləyib, dövlət başçıları telefonla iştirakçılara təbriklərini çatdırıb”.