Press "Enter" to skip to content

Sərhəd yolunun Gəncə-Zəyəm-Qırılı hissəsində tikinti yekunlaşıb

BAYRAQDAR MEDİA – “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi davam etdirilir. Artıq 130 kilometrlik yolun 82.2-ci kilometrlik Gəncə-Zəyəm-Qırılı hissəsində tikinti işləri yekunlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, layihəyə əsasən torpaq yatağının ümumi eni 27,5 metrdir: “Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı ümumilikdə 72,5 santimetr, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 santimetr təşkil edir. Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 hissə üzrə icra olunur. 39,8 kilometrlik 1-ci və 42,4 kilometrlik 2-ci hissələrin 1-ci texniki dərəcəyə uyğun inşası artıq yekunlaşıb”.

Qeyd edilib ki, magistralın tikintisi yekunlaşmış Gəncə-Zəyəm-Qırılı hissəsində 16 avtomobil körpüsü və yolötürücüsü, 13 yol qovşağı inşa edilib: “Mühəndis qurğularının ən kiçiyinin uzunluğu 27,6 metr, ən böyüyünün isə 290,24 metrdir (Tovuz çay körpüsü). Layihənin sözügedən hissəsində, həmçinin 53 alt keçid, 362 dairəvi boru, 22 düzbucaqlı su keçidi və 56 dayanacaq da inşa edilib. 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin 47,95 kilometrlik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin də tikintisi sürətlə davam etdirilir. Hazırda sözügedən hissədə qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur”.

Məlumata görə, sözügedən hissədə hazırda 5 avtomobil körpüsü və yolötürücüsü, 8 yol qovşağı inşa edilir: “Mühəndis qurğularının ən kiçiyinin uzunluğu 21 metr, ən böyüyünün isə 202,2 metrdir (Ağstafaçay körpüsü). Ümumilikdə isə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq. 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir”.

O da qeyd edilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır: “Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq”.

Mission News Theme by Compete Themes.