Son yeniləmə: 5 Yanvar 2023 14:08
BAYRAQDAR MEDİA – Krım Tatar Milli Hərəkatının əfsanə lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Abdulcəmil Krımoğlu, Krım Milli Sərvət Fondunun prezidenti Lenur Mambetov və Krım Muxtar Respublikası Müsəlmanları Dini İdarəsinin rəhbəri müfti Ayder Rüstəmov Türkiyəyə səfər edib. Səfər çərçivəsində onlar Türkiyə Cumhurbaşkanı Başdanışmanı Yalçın Topçu ilə görüşüblər.
Kırım Haber Ajansının məlumatına görə, görüşdə M.Krımıoğlu Y.Topçuya Krım tatar siyasi məhbusları haqqında məlumat verib. Bundan əlavə, Türkiyədə yaralı ukraynalı əsgərlərin müalicəsi, həmçinin rus əsirliyində olan ukraynalı əsgərlərin və mülki şəxslərin xilas edilməsi məsələləri müzakirə edilib.
Məlumatda deyilir ki, görüş zamanı Türkiyədə Krım tatarlarına verilən uzunmüddətli yaşayış icazəsi məsələləri də müzakirə edilib.
Y.Topçu vurğulayıb ki, Türkiyə başda Krım olmaqla Ukraynanın hər hansı ərazisinin işğalını və ilhaqını tanımır. O, siyasi məhbusların və hərbi əsirlərin ən qısa zamanda ailələrinə qovuşması üçün qanuni əsaslarla səylərin davam etdiyini bildirib.