BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev yanvarın 5-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamla 2023-cü il yanvarın 1-dən ölkədə minimum əməkhaqqının məbləği 345 manat müəyyən edilir.
Eyni zamanda Nazirlər Kabinetinə tapşırılır ki, 10 gün ərzində “əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini” Prezidentə təqdim etsin.
Əlavə olaraq “sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflər”in də Prezidentə təqdim edilməsi tapşırığı Sərəncamda yer alır.
“Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri”nin bir ay müddətində sözügedən Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması tapşırığı da sənəddə yer alıb.
Beləliklə, 300 manat məbləğində olan minimum əməkhaqqı 15 faiz artmış olacaq. Bu isə ən azı 700 min nəfərin əməkhaqqında özünü göstərəcək.
Minimum pensiya məbləği isə 240 manatdan 280 manata yüksələcək. Faiz nisbətində bu 16,7 rəqəmi deməkdir. Bu artım da 100 min nəfəri əhatə edəcək.
Qeyd edək ki, bu Sərəncamdan sonra son 5 il ərzində minimum əməkhaqqı 130 manatdan 345 manata yüksəlmiş olur. Bu isə 2,7 dəfə artım deməkdir.
Eyni vaxt kəsimində minimum pensiya da 2,5 dəfə artmaqla 110 manatdan 280 manata yüksəlmiş olur.