BAYRAQDAR MEDİA – 2023-cü ilin müxtəlif sahələrdə necə olacağı hər kəsi maraqlandırır. Özəlliklə də maliyyə bazarında nələrin baş verəcəyi, manatın dayanıqlılıq durumu vətəndaşları düşündürən məsələlərin önündə gedir. Bu baxımdan iqtisadçı deputat Vüqar Bayramovun dəyərləndirməsi yerinə düşür. O, yanvarın 5-də paylaşım edərək manatı 2023-cü ildə nəyin gözlədiyi haqqında fikirlərini ictimailəşdirib:
“2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi son günlər ən çox ünvanlanan suallardandır. Bu il devalvasiya olacaqmı? Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib. Bununla yanaşı, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna edilmir.
Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb. Brent markalı neftin bir barelinin qiyməti 80 dollardan ucuz təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8.0 faizdən çox dəyər itirib. Bu isə neft ixracatçısı ölkələrin valyuta gəlirləri baxımından arzuolunan deyil.
2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVID-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. Böyük Yeddiliyin Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızılın” qiymətində artımları xeyli dərəcədə məhdudlaşdırır.
Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində, iqtisadi faktorlardan biridir.
Azərbaycanda hələ ki, məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa müdaxilə etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.