BAYRAQDAR MEDİA – Bəzi sakinlərin verdiyi xəbərə görə, tətil günlərində AzərİstilikTəchizat ASC-nin işçiləri mənzillərin qapılarını döyərək ölçmə aparmaq istədiklərini bildiriblər. Məhz bayram günlərində belə bir istəyin izhar edilməsi sakinlərdə təəccübə səbəb olub.
Məsələylə bağlı BAYRAQDAR MEDİA kiçik araşdırma aparıb. Bəlli olub ki, bu əməliyyat Energetika Nazirliyinin tapşırığı əsasında gerçəkləşdirilir. Səbəb də odur ki, bir çox mənzillərdə genişləndirmə işləri aparıldığı halda istilik təchizatı sənədlərdə göstərilən sahəyə uyğun hesablanır. Bu isə ona səbəb olur ki, mənzil sahibləri sənəddə göstəriləndən daha artıq sahəni isidir, amma daha az pul ödəyir. Məhz buna görə də dövlətin müvafiq qurumu dəqiqləşdirmə aparmaq qərarına gəlib.
O da bildirilir ki, bir çox mənzil sahibləri balkonla otaqların arasını açaraq isidilən sahəni genişləndirir. AzərİstilikTəchizat da məhz həmin sahəni ölçüb qeydə almaqla istilik üçün ödənişi yenidən hesablamağı hədəfləyir.
Açığı, biz də vətəndaş olaraq bu tədbirə anlayışla yanaşırıq. Doğrudan da əgər mənzilin sahəsində genişləndirmə varsa, bunun qeydə alınması vacibdir. Yalnız AzərİstilikTəchizat üçün deyil, ümumiyyətlə rəsmiləşdirmənin aparılması yaxşı olardı. Belə olacağı təqdirdə gərək olduğu vaxt ayrı-ayrı qurumların nümayəndələri də gəlib bayram-tətil günlərində mənzil sahiblərini narahat etməzdilər. O baxımdan təklif edərdik ki, özəlliklə də köhnə tikililərin sahəsi yoxlanılsın və yenidən qeydə alınsın. Belə olmazsa başqa gün də başqa bir dövlət qurumu gəlib qapını döyəcək ki, mənzilinizin sahəsini ölçməliyik…