Press "Enter" to skip to content

“Araz yurdumuzu, millətimizi birliyə çağırır” – VİDEO

Araz Elsəs: Artıq Araz çayı ayrılıq, həsrət, qarğış ünvanı olmaq istəmir

BAYRAQDAR MEDİA – “Ötən ilin sonlarında Azərbaycanda oldum. Səfər zamanı işğaldan azad edilmiş ərazilərdə də oldum. Araz boyu ərazilərdə gəzdik. Xudafərin körpüsünə qədər getdik. Körpü ilə görüşümü, Arazla görüşümü sözlə ifadə etməkdə çətinlik çəkirəm”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda İsveçdə yaşayan tanınmış Güneyli ozan Araz Elsəs deyib.

Bir daha inandım ki, bütövlüyümüz çox yaxındadır

O, bildirib ki, həmin yerlərdə olmaq başqa bir hiss idi: “Bir daha inandım ki, bütövlüyümüz çox yaxındadır. Artıq Xudafərinin Quzey sahilində və ya körpünün Quzeyində dalğalanan üçrəngli şanlı bayrağımız var. Bu bayraq Xudafərinin Güneyində dalğalanan və bizə aid olmayan, bizim millətimizə, torpaqlarımıza layiq olmayan İran bayrağına meydan oxumaqdadır. Gün gələcək, şanlı üçrəngli ay-ulduzlu bayrağımız yurdumuzun Güneyində də dalğalanacaqdır. Bir şeyə də qətiyyətlə əmin olun ki, bu dediyim gerçəkdir. Bu yalan deyil. Mən heç vaxt yalan, əsassız fikir söyləmərəm. Dediklərim gerçəkdir və gerçəklərə inanmaq lazımdır. Gün gələcək ki, bu şanlı bayrağımız o taylı-bu taylı yurdumuzun hər bir qarışında dalğalanacaqdır. O gün uzaqda deyil”.

Yurdumuzun Güneyində yaşayan soydaşlarımızın hərəsi bir canlı Azərbaycan bayrağıdır

A.Elsəs bildirib ki, bu gün Güney Azərbaycanda yaşayan soydaşların hərəsi bir canlı Azərbaycan bayrağıdır: “Onlar şanlı, üçrəngli bayrağımızın yurdumuzun Güneyində dalğalanması üçün tələsirlər. Günləri, dəqiqələri, saniyələri sayırlar. İnanıram ki, qətiyyətimizi və iradəmizi ortaya qoyub, qara günlərdən qurtulub, o İran çətirinin altından xilas olub, yurdumuzu birləşdirəcəyik”.

Arazla baxışdıq, danışdıq

“Maraqlıdır ki, uzun illər ayrılıq, həsrət çayı kimi dərdli axan Araz öz doğmalarından didərgin düşmüş Araza (yəni Araz Elsəsə) nə dedi, nə pıçıldadı” sualını cavablandıran ozan aşağıdakıları qeyd edib: “Arazla söhbətimə gəlincə, bunu deyə bilərəm: bəli, Arazla baxışdıq, danışdıq. Ağlaşdım Arazla. İçimdə çalxalandım. Arazla söhbətimizin arasında bir şeyi anladım: bu ayrılığa son verməyin vaxtıdır artıq. Bunu mənə çağlayan Araz dedi. Araz yurdumuzu, millətimizi birliyə çağırır. Bu iki yüz il içində bir çox ağrılar, acılar, qarğışlar söyləndi Araza. Amma artıq Araz çayı ayrılıq, həsrət, qarğış ünvanı olmaq istəmir. Araz artıq birlik, qovuşmaq çayı olmaq istəyir. Arazın bu gün çağırışı, hayqırışı bütövlükdür. Araz Güneyli-Quzeyli yurdumuzu, millətimizi birliyə, bütövlüyə çağırır. “İki yüz il ayrılıq bəsdir. Yetər artıq. Gəlin birləşin, bütövləşin. Üzərimdən birlik, qovuşmaq körpüləri atın” deyir Araz. O günə də çox qalmayıb”.

Mission News Theme by Compete Themes.