Son yeniləmə: 3 Yanvar 2023 19:42
Emin Həsənli: Azərbaycan qaziləri Mersinin və Adananın düşmən işğalından azad edilməsinin 101-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərə qatılacaqlar
BAYRAQDAR MEDİA – Azərbaycanın bir qrup Vətən müharibəsi qazisi qardaş Türkiyəyə səfər edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 3-də səfərin təşkilatçısı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
Qeyd edilib ki, səfər Türkiye Muharip Gaziler Derneğinin dəvəti və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb.
E.Həsənlinin sözlərinə görə, səfər çərçivəsində Azərbaycan qaziləri Mersinin və Adananın düşmən işğalından azad edilməsinin 101-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərə qatılacaqlar: “Hər iki şəhərdə bayram tədbirləri zamanı keçiriləcək yürüşlərdə Azərbaycan qaziləri də iştirak edəcəklər. Bundan başqa qaziləri hər iki şəhərdə vali və bələdiyyə başqanı qəbul edəcək. Bu iki şəhərdə Türkiye Muharip Gaziler Derneğinin yerli şöbəsində, o cümlədən hərbi yönümlü digər QHT-lərin yerli şöbələrində də görüşlər nəzərdə tutulub”.
Bildirilib ki, Mersin və Adanadan sonra qazilər Ankaraya yola düşəcəklər: “Ankarada bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Öncə Anıtqəbiri ziyarət edəcək qazilər sonra Türkiyə Milli Müdafiə Nazirliyində görüşlər keçirəcəklər. Həmçinin, Ankarada Türkiyənin dörd hərbi yönümlü QHT-sinin rəhbərliyi və millət vəkilləri ilə də görüşlər olacaq”.
Səfər yanvarın 11-də başa çatacaq.