Press "Enter" to skip to content

Yeni il ərəfəsində Fransa və kiçik bacısı Ermənistana zərbə

Prezident İlham Əliyev Şuşadan müraciət edərkən

BAYRAQDAR MEDİA – Qarşımıza bir xronologiya çıxdı. Hər kəsin yadında olar, Fransa kiçik bacısı Ermənistanı qızışdırıb həvəsləndirmişdi ki, Azərbaycanı küncə sıxacaqlarmış. Amma nə oldu? Gəlin, xronologiyaya baxaq:

-Bu il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırtdırdı;

Qeyd: 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi.

-Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etdirmək istəyirdi. O zaman bu baş vermədi;

-44 günlük müharibə vaxtı da oxşar cəhdlər olmuşdu;

-Bunun özü ayrıca bir haqsızlıqdır ki, BMT TŞ-nın 4 qətnaməsi ola-ola 30 ilə yaxın dövr ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirmədi. Bunu qoymayanlardan biri də məhz riyakar Fransa idi;

-20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. 10 gündür ki, mətn üzərində sözün əsl mənasında qırğın gedirdi;

-Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Prezident Emmanuel Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı;

-Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı məkrli işlərin aparıldığına eyham etmişdi;

-Azərbaycan bundan əvvəl də Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu bəyan etmişdi;

-Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Bugünlərdə Ermənistanın “dahi” diplomatı və “çekisti” Armen Qriqoryan da TŞ-da qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi;

-Fransız-erməni cütlüyünün bu addımları Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi;

-Amma sözün əsl mənasında Fransa üçün bu proses böyük rüsvayçılıq oldu. BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gündür ki, bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Əvvəla, bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu;

-Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn dünən BMT TŞ qaydalarına uyğun olaraq yenidən asqıya (sükut proseduru) alınmışdı. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də darmadağın edildi;

-Beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri də Fransanın necə ədalətsiz, qərəzli və riyakar olduğunu görürdülər və bunu açıq etiraf edirdilər;

-Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olunur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür;

-Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevin şəxsiyyətidir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı;

-Beləliklə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan edib;

-Bu, yeni 2023-cü il ərəfəsində Prezident İlham Əliyevin növbəti qələbəsi və Azərbaycan xalqına hədiyyəsidir;

-Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər və haqq-ədaləti dəstəklədiklərinə görə, bu ölkələrə xüsusi minnətdarlıq düşür;

-Azərbaycan dostları ilə birgə bu parlaq qələbəni qeyd edərkən Fransa Prezident Administrasiyasının xarici siyasət/diplomatiya şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında Daimi nümayəndəsi və onun müavininin bu rüsvayçılığa görə geri çağırılmaq məsələsi var. Argentinadan fərqli olaraq, Azərbaycan Fransanı neytral meydanda deyil, məhz öz meydanında məğlub etdi. Fransa diplomatiyası indi az qala matəm içərisindədir.

-Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə belə bir ifadə işlətmişdi: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”.

Bütün bu qeyd edilənlər bir daha Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani nümayiş etdirir.

Mission News Theme by Compete Themes.