BAYRAQDAR MEDİA – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyanın hər tərəfindən təbrik və xoş diləklər daxil olmaqdadır. Belə təbriklərdən birini də Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təmsilçisi, GünAz TV-nin qurucusu Əhməd Obalı yayımlayıb.
BAYRAQDAR MEDİA-ya daxil olan təbrikdə deyilir:
Hörmətli Güneyli-Quzeyli Azərbaycan xalqı, əziz qazilər, şəhid ailələri və bütün soydaşlarım!
Sizin hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni ilin gəlişi münasibətilə ürəkdən təbrik edirəm.
Uzun illərin həsrətindən cana gəlmiş o taylı-bu taylı xalqımızın 1989-cu ildə aramızdakı tikanlı məftilləri sökməsi ilə tarixə keçən bu möhtəşəm gün ilk öncə 1991-ci ilin 16 noyabrında mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda, daha sonra isə bütün Azərbaycanda rəsmiləşdirilərək bayram kimi qeyd edilməyə başladı. 2002-ci ildə yenə də mərhum prezident Heydər Əliyev tərəfindən yaradılan ovaxtkı adı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi də məhz bu işin məntiqi davamı idi və bu Komitə xüsusilə son illərdə hörmətli Fuad Muradovun rəhbərliyi altında çox önəmli işlərə imza atmaqdadır.
Yola salmaqda olduğumuz 2022-ci il həm də Dünya Azərbaycanlılarının Şuşada keçirilən “Zəfər” Qurultayı ilə yadda qaldı. Həmin o tarixi Qurultayda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsas dörd prinsip – azərbaycançılıq, milli birlik, ana dilinin önəmi və təşkilatlanma prinsipləri üzərində qurulan möhtəşəm çıxışı dünyada yaşayan bütün Azərbaycanlılar üçün bir direktiv mahiyyətində idi.
Bunun davamı olaraq cənab Prezidentin son dövrlərdə bir neçə dəfə, özəlliklə Türk Dövlətləri Təşkilatının Səmərqənd sammitində və noyabr ayının 26-da Bakıda xarici ekspertləri qəbul edərkən İran fars-molla rejiminin təhdid və təzyiqləri altında milli varlıq mücadiləsi verən Güney Azərbaycanlıların problemini gündəmə gətirməsi, onların, yəni bizim ana dilimizdə təhsil başda olmaqla milli-mədəni haqlarımızın İran rejimi tərəfindən pozulduğunu vurğulayaraq, Azərbaycan dövlətinin bundan sonra da bu problemlərin həlli istiqamətində Güneyli soydaşlarımızın yanında olacağını vurğulaması dünyaya səpələnmiş çoxmilyonlu Güney Azərbaycan türkləri üçün bir ümid işığı oldu.
Hesab edirəm ki, artıq Qarabağda tarixi zəfərə imza atan bir millət, Güneyli-Quzeyli əl-ələ verərək, eyni zamanda Türk Dövlətləri Təşkilatının timsalında türk dünyasını da arxasına alaraq, 200 illik işğala və ayrılığa son qoyub Güney Azərbaycanın azadlığına nail olmaq istiqamətində hərəkətə keçməlidir. Bunun üçün çox uyğun tarixi şərait yaranıb və biz bu fürsətdən ağılla, əzmlə faydalanmalıyıq.
Fürsətdən istifadə edərək bu Həmrəylik Günündə həm də Güney Azərbaycan adına fəaliyyət göstərən təşkilatlara, milli fəallara və aydınlara üzümü tutaraq demək istəyirəm ki, tək yolumuz və şüarımız azadlıq və istiqlal olmalıdır və sizi bu müqəddəs yolda əl-ələ verərək birgə fəaliyyətə çağırıram. Biz, İranın bütünlüyü kimi, molla rejiminin idarəsi altında müəyyən simvolik hüquqlar əldə etmək kimi və yaxud Güney Azərbaycana qarşı ərazi iddialarından belə çəkinməyən, terroru ən əsas mübarizə vasitəsinə çevirən bəzi etnik qruplarla birgə mövcud rejimin heç də onlardan az şovinist olmayan biriləri ilə dəyişdirilməsi kimi bizim üçün tələ mahiyyəti daşıyan cərəyanlara uymamalı və onlardan uzaq durmalıyıq. Bizim bir daha aldanmağa şansımız və haqqımız yoxdur. Yolumuz yalnız istiqlala, üzümüz yalnız türk dünyasına doğru olmalıdır.
Əziz soydaşlarım. Bir daha hər birinizi Həmrəylik Günü və yeni təqvim ili münasibətilə ürəkdən təbrik edir, 2023-cü ilin Güney Azərbaycanın milli azadlığı yolunda önəmli addımların atılacağı bir il olaraq tarixə keçəcəyi inancımla hamınızı bağrıma basıram.