BAYRAQDAR MEDİA – KKTC-də yerli seçkilərin nəticələri təsdiqlənib. Lakin bu nəticə hökumət ortağı olan Yenidən Doğuş Partiyasını (YDP) qane etməyib.
YDP sədri, KKTC hökumətində ictimai işlər və nəqliyyat naziri olan Erhan Arıklı, UBP və DP seçicilərinin ittifaq namizədinə səs vermədiyi üçün YDP və DP-nin ittifaqdan zərərli çıxdığını söyləyib. O, “Bundan sonra bizim ittifaq qurmağımızdan söhbət gedə bilməz” deyib.
Star Kibirs xəbər verir ki, E.Arıklı, seçkilərdən gözlənilən nəticəni ala bilmədiklərini qeyd edib: “İttifaqın gözləntiləri çox fərqli idi, onlara nail ola bilmədik”.
Baş nazir Ünal Üstelin ittifaqın səmimi tərəfdarı olduğunu qeyd edən E.Arıklı, özü də daxil olmaqla 3 partiyanın liderlərinin əllərindən gələni etdiklərini bildirib: “Lakin qalanların incə hesablamaları var idi”.
Bu məsələdə UBP-dən bəzi deputatların fəaliyyətindən narazı qaldıqlaırnı dilə gətirən E.Arıklı sanki hökumətdən çıxacaqlarına işarə edib. Bu isə mövcud hökumətin taleyi ilə bağlı suallar yaradıb.
Bununla belə KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre, koalisiya hökumətinin davam etdiyini açıqlayıb.