Press "Enter" to skip to content

Manisadan aksiyaya dəstək

Aksiya zamanı

Son yeniləmə: 30 Dekabr 2022 13:38

BAYRAQDAR MEDİA – Türkiyənin Manisa şəhərindəki Azərbaycan Qardaşlıq Parkında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz əlaməti olaraq aksiya keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Manisa Azərbaycanlı Tələbələr Dərnəyi və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin gənclər şöbələrinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qanunsuz fəaliyyətinə dərhal son qoyulması tələb edilib: “Aksiyada çıxış edən Manisa Azərbaycanlı Tələbələr Dərnəyinin sədri Elmir İsmayılzadə bildirib ki, Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq talamaqla Ermənistan və erməni separatçıları Qarabağda ekoloji təxtibat törədir və təbiətə böyük ziyan vurur. Rusiya sülhməramlıları isə Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun bu bölgələrə daxil olmasına və müşahidə aparmasına imkan vermir”.

O, nəzərə çatdırıb ki, Manisadakı soydaşlarımız azərbaycanlı ekofəalların və qeyri-hökumət təşkilatları nümayəndələrinin Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə keçirdikləri fasiləsiz aksiyaları dəstəkləyirlər. “Biz Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirik. Erməni separatçılarının talanları dayanana qədər etirazlarımız davam edəcək”, – deyə Elmir İsmayılzadə əlavə edib.

Aksiya zamanı“Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Azərbaycan sərvətlərinin talan olunmasına son! “Ekoloji cinayətə son!”, “Ekoloji terrora yox!” şüarlarının əks olunduğu plakatlar nümayiş etdirilib.

Mission News Theme by Compete Themes.