Son yeniləmə: 30 Dekabr 2022 11:00
Məcid Cavadi: Vətəndaşların artıq molla rejiminə heç bir etibarı qalmayıb
BAYRAQDAR MEDİA – “İranda hərtərəfli böhran davam edir. Bir tərəfdən aksiyalar dördüncü ayda bir az səngimiş görünsə də, əslində, davam edir. Eyni zamanda İranda ümumilikdə dərin siyasi və iqtisadi böhran hökm sürür”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
İranın milli valyutası dollar qarşısında sürətlə dəyər itirir
O, bildirib ki, ölkənin milli valyutası dollar qarşısında sürətlə dəyər itirir: “Təsəvvür edirsiniz, əvvəl dollar 38 min tümən idisə son günlər 42-43 min tümənə dəyişilir. Qısa müddətdə İran pulu hardasa 20 faiz dəyər itirib. Bu da İranın milli valyutasının acınacaqlı durumunu gözlər önünə gətirməklə, iqtisadiyyatın necə bərbad vəziyyətə düşdüyündən xəbər verir”.
İnsanlar öz pullarını İran banklarından çıxarıb xaricə daşıyırlar
Qeyd edilib ki, bu, özü ilə digər bir problemi də meydana gətirib: “Vətəndaşların artıq molla rejiminə və sistemə heç bir etibarı qalmayıb. Ona görə də insanlar öz pullarını İran banklarından çıxarıb xaricə daşıyırlar. Ölkədən böyük miqdarda pul çıxarılır. Yaxud da vətəndaşlar İran pulunu dollara, qızıla dəyişirlər. Bu da dolların sürətlə bahalaşmasına səbəb olur. İran rejimi xaricdən dollar gətirib satışa çıxarmaqla bazarda tənzimləmə etmək istəyir. Ancaq bu, müsbət nəticə vermir”.
İran-Ermənistan qardaşlığı daha da dərinləşir
M.Cavadinin sözlərinə görə, sadalananlar fonunda İranda siyasi-iqtisadi böhran hər keçən gün daha da dərinləşir: “Təbii ki, bütün bunların kökündə rejimin yarıtmaz siyasəti dayanır. Rejim özünə çəki-düzən verməkdənsə, bu yanlış siyasəti davam etdirir. Bu da xalqı indiki rejimdən daha da uzaqlaşdırır. Xüsusilə də Güney Azərbaycanda rejimin anti-Azərbaycan, antitürk siyasəti davam edir. Bu azmış kimi, İran rejimi Ermənistana hərtərəfli dəstək verməkdə davam edir. Hər keçən gün İran-Ermənistan qardaşlığı daha da dərinləşir. Yeni-yeni müqavilələr imzalanır. İran mediası Zəngəzur və Laçın məsələsinə yanaşmada ermənipərəst mövqe sərgiləyir”.
Tək çıxış yolu Güney Azərbaycan Cümhuriyyətinin elan edilməsidir
Heç şübhəsiz bütün bunlar Güney Azərbaycan türklərinin diqqətindən yayınmır: “Bütün siyasi, iqtisadi, ictimai böhranlarla yanaşı İranın bu anti-Azərbaycan və antitürk siyasəti də xalqımızın əsəblərinə toxunur. Ona görə də xalqımızın bu rejimlə heç bir bağı qalmayıb. Bizim tək çıxış yolumuz Güney Azərbaycan Cümhuriyyətinin elan edilməsidir”.