Son yeniləmə: 30 Dekabr 2022 12:03
Hüseyin Büyükfırat: Mən həm öz adımdan, həm də TÜİB ailəsi adından cənab Prezidentə bizi bu ali mükafata layiq gördüyü üçün çox təşəkkür edirəm
BAYRAQDAR MEDİA – Bugünlərdə İqtisadiyyat Nazirliyi və KOBİA-nın təşkilatçılığı ilə “Dayaq” mükafatının təqdimetmə mərasimi keçirilib. Mərasim çərçivəsində həmçinin Azərbaycan Prezidentinin 2022-ci il 25 aprel tarixli Sərəncamı ilə ölkənin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medalı təqdim olunub. Onlar arasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat da var.
TÜİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, medalı Hüseyin Büyükfırata Prezidentin köməkçisi Şahmar Mövsümov təqdim edib.
Məlumatda qeyd olunduğu kimi, bu təltif həm H.Büyükfıratın, həm də ümumilikdə TÜİB ailəsinin əzmini daha da artırıb. Bu təltifə görə bir daha dövlət başçısına minnətdarlıq edən H.Büyükfırat “Mən həm öz adımdan, həm də TÜİB ailəsi adından cənab Prezidentə bizi bu ali mükafata layiq gördüyü üçün çox təşəkkür edirəm. Eyni zamanda deyirəm ki, bu, başqa bir xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək etimadına layiq görülmək həqiqətən bir başqa xoşbəxtlikdir” deyib.
Məlumatda vurğulandığı kimi, H.Büyükfırat Azərbaycana ilk dəfə tələbə olaraq gəlib və 30 ilə yaxındır ki, burada biznes fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də məşğul olur: “O, İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycana dəstəyini əsirgəməyib. 44 günlük müharibə zamanı Türkiyə televiziya kanallarında Azərbaycanın haqlı savaşını müdafiə edib, həqiqətlərin dünyaya çatdırılmasında mühüm addımlar atıb”.
Bildirilir ki, Türkiyə-Azərbaycan iş dünyası arasında mühüm körpü rolunu oynayan TÜİB-in əsas missiyasını H.Büyükfırat uğurla həyata keçirir: “Şanlı Vətən müharibəsində Azərbaycana qanları və canları bahasına zəfər bəxş etmiş şəhidlərin, qazilərin övladlarına, ailə üzvlərinə diqqət göstərmək hər birimizin vətəndaşlıq borcu olduğu kimi, H.Büyükfırat üçün də ən ümdə məsələdir. Təsadüfi deyil ki, məhz Vətən müharibəsi əsnasında Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluğun möhkəmlənməsində əvəzsiz rolu olan Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın himayəsində, həmçinin TÜİB sədri Hüseyin Büyükfırat və millət vəkili Ramil Həsənin təşəbbüsü ilə “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Platforması yaradılıb. Bu platforma çərçivəsində 2 min 300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. Eyni zamanda qəhrəmanlarımızın bizlərə müqəddəs əmanəti olan övladları Sivas Universitetində təhsil almaqdadır”.
Lakin bu da son deyil. Qurumdan bildirilib ki, “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Platformasının bir hissəsi olan və Dövlət Sosial Müdafiə Fondu ilə birgə həyata keçirilən “Qardaş Ailə” layihəsi çərçivəsində şəhid ailələrinin Türkiyənin hər bir şəhərindəki türk şəhid ailəsi ilə qardaşlaşması və onlara mənəvi dəstək olmaq məqsədilə addımlar atılıb: “Artıq 3 ailənin Türkiyənin Sivas, Şanlıurfa və Balıkesir şəhərlərinə səfəri təşkil edilmişdir. Layihə uğurla davam edir. Hüseyin Büyükfırat bu istiqamətlərdə uğurla həyata keçirilən dövlət siyasətinə az da olsa töhfə verməkdən qürur duyduyğunu hər zaman dilə gətirməkdədir”.