Son yeniləmə: 29 Dekabr 2022 12:11
Ahmet Savaşan: İttifaq xalqdan 54 faiz dəstək aldı
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi dekabrın 25-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) yerli seçkilər keçirilib. Yerli seşkilərin bəlli olan nəticələrinə əsasən, hakim Ulusal Birlik Partiyası (UBP) birinciliyi qoruyub saxlasa da, 23 yanvar 2022-ci ildə keçirilən ümumi seçkilərlə müqayisədə səs nisbəti 35,8 faizə enib. Müxalifətdəki CTP 35,4 faiz səslə ikinci olub.
Ölkədəki 767 seçki qutusunun hamısı açıldıqdan sonra açıqlama verən Yüksək Seçim Kurulunun sədri Narin Ferdi Şefik 18 bələdiyyənin qaliblərini açıqlayıb. O, CTP-nin 7, UBP-nin 6, TDP və DP-nin 1, müstəqillərin isə 3 bələdiyyə sədrliyində qalibi olduğunu açıqlayıb.
Star Kibris xəbər verir ki, UBP Lefkoşa millət vəkili Ahmet Savaşan nəticələri müsbət qiymətləndirib: “Kıbrıs türk xalqı çox yaxşı bir demokratiya imtahanından keçdi. Xalq olmaq, dövlət qurmaq bu deməkdir. COVID-19 pandemiyasının sarsıdıcı təsirlərinə baxmayaraq, UBP bir tərəfdən idarəçilik öhdəliklərini yerinə yetirdi, digər tərəfdən də yerli seçkilərdə birinci partiya oldu”.
O, verdiyi yazılı açıqlamada hökumət ortaqlarının UBP-dən 90, DP-dən 15 və YDP-dən 13 olmaqla ümumilikdə 220 şəhər bələdiyyə məclisi üzvündən 118-ni qazandığını, ana müxalifət CTP-nin 87, TDP 13 və HP-nin də 2 məclis üzvü qazana bildiyini deyib.
Hökumət ortaqlarının qurduğu ittifaqa UBP, DP və YDP-nin sədrlər və partiya rəsmiləri səviyyəsində səmimi sədaqət nümayiş etdirildiyinə, ittifaqın sadə üzvlərinin böyük əksəriyyətinin də buna dəstək verdiyinə diqqət çəkən millət vəkili ittifaqın aldığı ümumi səslərin 54 faizə yaxın olmasının da bunu təsdiqlədiyini bildirib.
A.Savaşan həmçinin bildirib ki, ittifaqın dəstəklədiyi sədrliyə namizədlər 18 bələdiyyədən 8-də qalib gəlib.
Açıqlamasında Baş nazir Ünal Üstelin qətiyyəti, hökumətin nazir və müavinlərinin iradəsi ilə həyata keçən bələdiyyə islahatını xatırladan A.Savaşan bu islahatın son mərhələsi olan 51/95 qanununun yaxın günlərdə məclisdən keçiriləcəyini bildirib: “Ustel hökuməti ölkədə lazımi islahatları həyata keçirməkdə qərarlıdır. Yerli seçkilər başa çatıb. Hökumətimiz və biz deputatlar öz məsuliyyətimizi dərk edirik. Türkiyənin dəstəyi ilə həyatın bütün sahələrində lazımi addımları ataraq xalqımıza xidmət etməyə davam edəcəyik”.