Press "Enter" to skip to content

Qardaş Özbəkistanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Şənlikdən görüntü

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Qadınlar Şurası ilə birgə Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün şənlik təşkil edib. Sözügedən Mərkəzdə keçirilən şənlikdə 200-ə yaxın azərbaycanlı və özbək uşaq iştirak edib.

Xəbəri BAYRAQDAR MEDİA-ya dekabrın 29-da Mərkəzdən veriblər. Şənlik 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr edilib.

Əvvəlcə uşaqlar Mərkəzin Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə tanış olub, onlara Azərbaycan tarixi, mədəniyyətinə dair geniş məlumat verilib.

Tədbir çərçivəsində uşaq və yeniyetmələrə Mərkəzin foyesində 2022-ci ildə Azərbaycanın qazandığı uğurlara həsr olunmuş sərgi təqdim olunub.

Bundan başqa foyedə balaca fidanları bəzədilmiş küknar ağacı, qışın gəlişini bildirən Şaxta baba qarşılayıb.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor müavini Nadir Əlimirzəyev uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara sağlıq, dərslərində uğurlar, ata-analarına sevinc bəxş etmələrini arzulayıb. O, Yeni ilin tarixi haqqında da uşaqlara məlumat verib.

Orta məktəb şagirdi Əli Abbaslı böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərlərindən parçalar, Mərkəzin nəzdində fəaliyyət göstərən “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslər ifa edib.

Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları uşaqlara xoş anlar yaşadıb. Şənlikdə uşaqlar Yeni illə bağlı şeirlər söyləyib, mahnı oxuyub, rəqs ediblər.

Bayram tədbirində müxtəlif viktorinalar keçirilib, qaliblərə hədiyyələr verilib.

Sonda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

Mission News Theme by Compete Themes.