Press "Enter" to skip to content

Pensiyaçıların sosial təminatının gücləndirilməsi istiqamətində addım

Millət vəkili Vüqar Bayramov

Vüqar Bayramov: Təsdiqlənən yeni Qanun pensiya yaşı çatmış vətəndaşlarımızın sosial təminatına dəstək olacaq

BAYRAQDAR MEDİA – “Cənab Prezident tərəfindən imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu pensiyaçıların sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addımdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01 yanvar 2006-cı ildən 01  iyul 2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Təsdiqlənən yeni Qanun isə 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur.

Bunu mütərəqqi addım adlandıran millət vəkili deyib: “Yeni dəyişikliklərə əsasən, əgər vətəndaşın 2018-ci ilin iyuluna qədər hər hansı məbləğdə sosial yığımı varsa o, avtomatik olaraq pensiya almaq hüququ əldə edir. Yəni bu, o deməkdir ki, mövcud qanunvericiliyə əsasən vətəndaşlar pensiya hüququ əldə etmək üçün 25 il staj və ya minimum yığıma malik olmalıdır. Amma məhz yeni dəyişikliklərin təsdiq olunması imkan verəcək ki, növbəti üç ildə 2018-ci ilin iyununadək hətta öz hesabına bir neçə manat ödəniş etmiş vətəndaş 25 il stajı olmadığı halda belə pensiya almaq hüququ əldə etsin. Bu, təbii ki, pensiyaya çıxmaq imkanının asanlaşdırılması deməkdir. Bu, pensiyaçıların sosial təminatının gücləndirilməsi anlamına gəlir. O baxımdan son dəyişikliklərin təsdiq olunması birmənalı şəkildə pensiyaçılara sosial dəstək mexanizminin tərkib hissəsidir. Nəticə etıbarı ilə bu, pensiya yaşı çatmış vətəndaşlarımızın sosial təminatına dəstək olacaq”.

Mission News Theme by Compete Themes.