Son yeniləmə: 29 Dekabr 2022 14:31
Dr. Məmmədrıza Heyət: Bir yanda ölümü gözə alaraq öz azadlığı üçün qəhrəmancasına mübarizə aparan xalqlar, digər yanda qadın-kişi, uşaq-cavan-yaşlı demədən etiraz edən hər kəsi gülləbaran etməkdən çəkinməyən cəllad rejim var
BAYRAQDAR MEDİA – “İranda cərəyan edən qanlı hadisələr hər keçən gün daha da şiddətlənir. Aksiyalar başlayandan bu günə kimi hadisələr zamanı ölənlərin sayı təxminən 600, həbsə atılan və ya nəzarətdə saxlanılanların sayı isə təxminən 20 min nəfərdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamaısnda Güney Azərbaycan Keçici Milli Məclisinin üzvü, Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri Dr. Məmmədrıza Heyət deyib.
İran adlı ölkədə dövlət-cəmiyyət əlaqələri öz anlamını tamamilə itirib
Onun sözlərinə görə, baş verənlər İrandakı mövcud acınacaqlı durumu ortaya qoymaqla yanaşı fars-molla rejiminin iç üzünü dünyaya nümayiş etdirdi: “Bəlli oldu ki, artıq İran adlı ölkədə dövlət-cəmiyyət əlaqələri öz anlamını tamamilə itirib. Bu gün cərəyan edən proseslər İran rejiminin gerçək mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Bir yanda ölümü gözə alaraq öz azadlığı üçün qəhrəmancasına mübarizə aparan xalqlar, digər yanda qadın-kişi, uşaq-cavan-yaşlı demədən etiraz edən hər kəsi gülləbaran etməkdən çəkinməyən cəllad rejim var”.
Bu inqilabın nəticələri öncəki inqilablardan çox fərqli olacaq
Müsahibimiz bildirib ki, bu proseslər fars-molla rejiminin sonunu sürətləndirəcək: “Daxildəki və xaricədki mövcud şərait ondan xəbər verir ki, aksiyalar və ölkənin hər tərəfinə yayılan üsyanlar yaxında böyük və dağıdıcı bir inqilaba dönəcək. Bu inqilabın nəticələri isə öncəki inqilablardan çox fərqli olacaq. Çünki bu inqilabın içindən fərqli inqilablar ortaya çıxa bilər. Ölkə daxilindəki millətlər və etnik qruplar, özəlliklə də Azərbaycan türkləri öz yollarını mərkəzdən ayrılıb öz milli müqəddəratlarını təyin etmək, öz milli dövlətlərini qurmaq üçün mübarizə aparırlar”.
İran rejimi sarsılmış vəziyyətdədir
Dr. Məmmədrıza Heyət hesab edir ki, son yüz ildə Güney Azərbaycanın müstəqilliyi üçün bugünkü qədər münbit bir şərait yaranmamışdı: “Bu gün müstəqil olmamaq üçün heç bir səbəb yoxdur. İran rejimi sarsılmış vəziyyətdədir. Yanlış siyasətlərdən dolayı ölkə təbii şəkildə parçalanmağa doğru gedir. Güney Azərbaycanda milli oyanış hər zamandan çox özünü göstərir. Quzeyimizdə müstəqil və müzəffər bir Azərbaycan dövləti var. Cənab Prezidentimiz yüksək səslə və milli bir ruhla Güney Azərbaycanın hər baxımdan yanında olacaqları ilə bağlı bəyanatlar verir”.
Güney Azərbaycanın müstəqilliyi qaçılmaz olacaq
O, həmçinin, “Digər tərəfimizdə güclü bir Türkiyə var və Azərbaycanla Türkiyə arasındakı strateji qardaşlıq, tarixin ən üst səviyyəsindədir. Bütün bunları nəzərə aldıqda deyə bilərəm ki, milli potensialımızı hərəkətə keçirib düzgün bir plan və proqramla birlikdə addımladığımız təqdirdə Güney Azərbaycanın müstəqilliyi qaçılmaz olacaq” deyib.