Son yeniləmə: 29 Dekabr 2022 10:12
Laçın-Xankəndi yolunda dinc aksiyaya bir dəstək də Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclik Qollarından gəldi
BAYRAQDAR MEDİA – Artıq 18-ci gündür ki, Azərbaycanın ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası keçirir. Qışın şaxtasına, soyuğuna baxmayaraq yolun kiçik bir hissəsində Rusiyanın silahlı sülhməramlıları ilə qarşı-qarşıya dayanaraq erməni bölücülərinin cinayətkar əməllərinə etirazını bildirən insanlar milli birliyin, xalq-dövlət vəhdətinin, Vətən uğrunda cəsarətin, Vətənə məhəbbətin nümunəsini bütün dünyaya göstərirlər.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilən aksiyaya dünyanın müxtəlif yerlərindən dəstək verilir.
Növbəti belə dəstək isə qardaş Türkiyənin Eskişehir şəhərindən gəlib.
Dekabrın 28-də Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclik Qolları aksiyaya dəstək məqsədi ilə mitinq keçirib. Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Osmangazi Universitetinin ikinci kurs tələbəsi Nihat İsmayıllı məlumat verib.
Onun sözlərinə görə, mitinqdə çıxış edən Gənclik Qolları başqanı Zahir Hacızadə Ermənistanın Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq taladığını, ətraf mühiti çirkləndirdiyini, ekoloji terror törətdiyini deyib: “Z.Hacızadə Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun bu bölgələrə daxil olmasına və monitorinq aparmasına imkan vermədiyini bildirdi. O, vəziyyətin qəbuledilməz olduğunu dedi və əlavə etdi ki, Azərbaycanın qanunlarına və suverenliyinə hörmətlə yanaşılmalı, dövlət qurumlarının nümayəndələrinin ölkə ərazisində ekoloji monitorinq məqsədilə fəaliyyət göstərməsinə heç bir maneə yaradılmamalıdır. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazidəki qanunsuz erməni silahlı birləşmələri dərhal oradan çıxarılmalıdır”.
N.İsmayıllının sözlərinə görə, Eskişehir ictimaiyyəti tərəfindən maraqla izlənən mitinq zamanı ermənilərin uzun illər ərzində Azərbaycan dövlətinə və xalqına qarşı törətdikləri cinayətlər barədə də məlumat verilib: “Z.Hacızadə çıxışında bu gün erməni terrorçularının müdafiəsinə qalxan bəzi xarici gücləri də qınadı. O, qeyd etdi ki, uzun illər ermənilər tərəfindən meşələr yandırıldı, çayların məcrası dəyişdirildi, milli sərvətlərimiz talan edildi. Hər zaman ekoloji problemləri gündəmə gətirən xarici təşkilatlar, dövlətlər isə nədənsə heç vaxt Qarabağdakı ekoloji terrorun əleyhinə çıxış etmədilər. İndi buna son qoymağın vaxtıdır. Azərbaycan QHT nümayəndələrinin tələbləri tam haqlıdır və beynəlxalq hüquq normalarına uyğundur. Tələblər yerinə yetirilənə qədər etirazlar davam edəcək”.